“Lider olduğunu sübut et!” Ekskluziv

“Lider olduğunu sübut et!” Ekskluziv

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 9-15 avqust 2012-ci il tarixlərində Şəki şəhərinin "Cənnət bağı" istirahət kompleksində sayca 5-ci "Xəmsə" - "Yay Liderlik Məktəbi" layihəsini reallaşdırıacaq.

ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumaya görə, bu gün üçün ATGTİ "Yay Liderlik Məktəbi"nə hazırlıq prosesini yekunlaşdırır: "Artıq layihənin iştirakçıları və onların qalibiyyət uğrunda hansı komandalarda mübarizə aparacaqları məlumdur. "Yay Liderlik Məktəbi"nin komandaları dahi şairimiz Nizami Gəncəvinin "Xəmsə"sini təşkil edən əsərlərinin adlarını ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") daşıyırlar. Geridə qalan vaxt ərzində komandaların ayrı-ayrılıqda görüşləri keçirildi və onlar komanda kapitanları ilə tanış oldular. Görüşlərdə "Liderlik Məktəbi"nin iştirakçılarına layihənin məqsədi və qaydaları haqda məlumat verililib, layihədən gözlənilən nəticələr açıqlanıb. Hazırda komandalar öz adlarına uyğun təqdimatlar hazırlayırlar. Tədimatlarda komandalar Şəkidə "Xəmsə"nin əsərlərinin müasir üslubda təqdim edəcək".

Qeyd edək ki, ATGTİ-nin "Xəmsə"-"Yay Liderlik Məktəbi"nin rəsmi açılış mərasimində komandalara onların xüsusi bayraqları veriləcək. Bundan əlavə gənclərin səsverməsinə əsasən "Yay Liderlik Məktəbi"nin rəsmi şüarı da artıq seçilib. Şüar: "Lider olduğunu sübut et!"

"Liderlik Məktəbi"nin proqramına gəldikdə isə bu dəfə layihə çərçivəsində gəncləri yoqa dərsləri, açıq havada müxətlif idman, simulyasiya və intellektual oyunlar da gözləyir. Hər günün sonunda iştirakçılar üçün müxətlif musiqi gecələri keçiriləcək. Eyni zamanda gənclərə "Layihələrin yazılması və idarə olunması", "Liderlik və təşkilatı quruculuq", "Komanda işinin təşkili" və "Ünsiyyət bacarıqları" mövzularında sadalanan 4 sahənin mütəxəssisləri tərəfindən təlimlər təşkil olunacaq.

Qeyd edək ki, 2010-cu ildən eitbarən reallaşdırılan "Liderlik Məktəbi" layihəsində bu günə qədər 500-dən çox gənc iştirak edib ki, onlardan bəziləri hal-hazırda TGT sədrləri, beynəlxalq qurumların əməkdaşları, özəl şirkətlərin işçiləridirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə