Repetitorsuz rekord vuran tələbə! MÜSAHİBƏ

Repetitorsuz rekord vuran tələbə! MÜSAHİBƏ

Abituriyent Kamil Hüseyn oğlu Sərdarlı IV ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən tələbədir. Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunu olan K.Sərdarlı 700 bal toplayaraq digərlərindən yüksək nəticəsi ilə fərqlənir. Məktəbi qızıl medalla bitirən K.Sərdarlı gələcəkdə təhsilini xaricdə davam etdirmək istəyir. Bizdə SİA olaraq həmin abituriyentlə söhbətləşərək 700 bal yığmağın sirlərini öyrənməyə çalışdıq. Kamil Sərdarlının müsahibəsini təqdim edirik.

- İmtahana getmədən öncə yüksək nəticə göstərəcəyinə inanırdınmı?

- İmtahandan əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi sınaqlarda iştirak edirdim. Burada hər zaman 600 baldan yüksək nəticə əldə etmişəm. Ali məktəblərə qəbul imtahanında da 650 baldan çox yığacağıma əmin idim. Ancaq yüksək nəticə göstərəcəyimə inanmırdım. Amma imtahanın nəticəsində 700 bal toplaya bildim.

- Sənin fikrincə, imtahanda yüksək nəticə əldə etmək üçün nələr edilməlidir?

- Bunun üçün şagirdlər ilk öncə ibtidai sinifdən yaxşı oxumalı və məktəb vaxtı mütəmadi olaraq dərslərinə hazırlıqlı olmalıdırlar. Aşağı siniflərdə oxuyursansa, 10-11-ci siniflərdə bütün materiallar yalnız təkrar edilir və bunun nəticəsində daha yaxşı nəticələr əldə olunur. Bundan sonrakı mərhələdə imtahanlara ciddi hazırlaşmalı və qarşına qoyduğun məqsəd uğrunda mübarizə aparmalısan. İmtahanda həyəcanlanmamalı, daha diqqətli olmaq lazımdır.

- Bu il Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin 3 məzunu qəbul imtahanlarında 700 bal toplayıb. Sənin fikrincə, niyə hər il türk liseyləri məzunlaırnın nəticələri daha uğurlu olur?

- Təbii ki, bizim məktəbin uğuru hər il olur və inanıram ki, bunlar gələcək illərdə də davam edəcək. Həm müəllim, həm də şagirdlər dərsə məsuliyyətli davranmalıdır. Bizdə müəllimlər şagirdlərə qarşı tələbkardırlar. Əvvəldən bu liseydə təhsil aldığım üçün oranın qayda-qanunlarını daha yaxşı bilirəm. Amma digər orta məktəb şagirdlərinin yüksək nəticə toplamadığını deyə bilmərəm.

- Bildiyim qədər sən repetitor yanına getməmisən. Ancaq dərsdən sonra kurslarda hazırlaşmısan. Sənin fikrincə, repetitor yanına getmədən yüksək bal toplamaq olarmı?

- Bəli, repititor yanına getməmişəm, məktəbdə özüm hazırlaşmışam. Məktəbdə xüsusi kurslar təşkil olunmuşdu və mən də dərsdən sonra boş vaxtlarımda orada məşğul olurdum. Təbii ki, repetitor yanına gedərək 700 bal yığan şagirdlər olub. Ancaq bu nəticəni özün hazırlaşaraq da yığmaq mümkündür. Fikrimcə, repititor yanına getmədən də yüksək nəticə əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə