Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gündən etibarən 64 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 702 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir. SİA-nın xəbərinə görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 556-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 146-sı isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər. Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:
1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə - 15 test tapşırığı;
2. qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.
Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqram və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq. Dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində Komissiyaya müraciət edə bilərlər. Müraciət elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər. Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər 10 iş günü müddətində qanunvericiliklə müəyyən edilmiş sənədlərini komissiyaya təqdim etməlidirlər. Müsabiqəyə dair ətraflı məlumat "Respublika" qəzeti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.gov.az veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB