Bu gün Azərbaycanda gənclərin inkişafına göstərilən diqqət və qayğısı sayəsində ölkədə müasir gənclik və onun gözəl nümunələri yetişməkdədir. Gənclərin belə nümayəndələrindən biri də Azərbaycan Dövlət İqtisad universitetinin IV kurs tələbəsi və "İRƏLİ" Təlim və Karyera mərkəzinin rəhbəri kimi fəaliyyət göstərən Nicat Hacızadədir. O hələ ki, gələcəkdə görüləsi, öyrəniləsi işlərinin çox, məqsədlərinin isə ali olduğunu deyir. Daima fəaliyyətində ədalətli olmağa çalışan müsahibim bunu dostları ilə bölüşür. Onun fikrincə hər bir gəncin məqsədləri ali olmalıdır. İndi isə Nicat Hacızadənin SİA-ya müshaibəsini təqdim edirik.
- Sizin fikrinizcə, bugünki Azərbaycan gəncliyi zamanın tələblərinə uyğun cavab verə bilirmi?
- Əvvəla qeyd etməliyəm ki, gənclik – istənilən cəmiyyətdə ən dinamik, intellektual və aparıcı qüvvə sayılır. Bu səbəbdəndir ki, inkişaf etmiş, qabaqcıl ölkələrdə ən çox enerji və savad tələb edən vəzifələrə məhz gənclər təyin olunur. Ölkəmizdə gənclərə qayğı yüksək səviyyədədir. Prezident İlham Əliyevin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı buna əyani sübütdur. Azərbaycan gəncliyi ən başlıcası vətənpərvərlik, azərbaycançılıq, Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmalı, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməlidir və sizi əmin edirəm ki, belədir. Azərbaycan gəncliyi özünün sürətli inkişaf yolundadır. Təbii ki, istisnalar da var. Azərbaycan gəncləri özünün düzgün inkişaf strategiyasını seçməli, özünə investisiya qoymalı, öz üzərində daima çalışmalı, daima yeniliklər axtarmalı, araşıdırmalı, yerində saymamalıdır. Əgər saydısa inkişafdan qalacaq. İnsan kapitalı önəmlidir və düşünürəm ki, bugünki Azərbaycan gəncliyi zamanın tələblərinə cavab verməyə çalışır.
- Bu gənclərin iqtisadiyyat sahəsindəki fəalliyyətini və bu sahəyə marağını necə qiymətləndirirsiniz?
- Ümummilli liderin gözəl bir kəlamı var, "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir." Həqiqətən görürük ki, iqtisadi cəhətdən zəif olan ölkələr hegomon dövlətlərdən iqtisadi cəhətdən asılı vəziyyətdədir. Şükürlər olsun ki, dövlətimiz iqtisadi cəhətdən dövrünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycan gənclərinində bu inkişafda əvəzsiz payı var. Gənclər sektorunda müxtəlif sahələr kimi iqtisadi sahəyədə maraq böyükdür. Hazırda fəaliyyət göstərdiyim və məqsədi "İnsan kapitalı"olan "İRƏLİ" İctimai birliyi yarandığı gündən gənclərin iqtisadi cəhətdən maarifləndirilməsi yönündə çalışır və bu yöndə işlərini davam etdirir. "İqtisadçılar Klubu", "Sığorta Akademiyası","Müasir İqtisad Məktəbi", "İRƏLİ" İqtisad Mərkəzinin təşkil etdiyi Marketing Akademiyası və ən möhtəşəmi olanı Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və "İRƏLİ" İctimai birliyin birgə təşkil etdiyi "Gənc Liderlər Üçün Qış universiteti – Sığortalı Gələcək" layihəsi və digər layihələrdə gənclər iqtisadi bilikləri həm nəzəri, həm də praktiki cəhətdən mənimsəyiblər və hal-hazırda iqtisadçı kimi böyük şirkətlərdə fəaliyyət göstərirlər. O cümlədən Azərbaycan Dövlət İqtisad Universitetinin bu yöndə fəaliyyəti əvəzsizdir.
- Sizcə bir gəncin hansısa bir sferada uğur qazanması üçün nə daha önəmlidir: təhsil, dünyagörüşü, xarici dil bacarığı yoxsa karyera?
- Fikrimcə, təhsilsiz, dünyagörüşü olmadan, xarici dil bilmədən karyera qurmaq uğurlu karyera zatən qeyri-mümkündür. Yəqin mənim fikirlərimi siz də təsdiq edərsiniz. Mən istərdim bu üçlük təhsil, dünyagörüşü və xarici dil biliyi haqqında fikir bildirim. Dünyagörüşü və xarici dil biliklərini bir növ kimi götürsək yüksək təhsilin tərkibinə daxildir. Uğurlu, davamlı və möhkəm karyera qurmaq istəyən gənc yüksək təhsil səviyyəsinə malik olmalıdır, bu mütləqdir. Yüksək təhsil dedikdə həqiqi qazanılmış elmdən, bilikdən söhbət gedir. Ali məktəbdə oxuyan tələbənin savadına fikir verməmiş, bir başa ona "təhsili var" deyirlər. Təhsil orta məktəb oxuyanda da var. Amma gəlin baxaq necə təhsil? Mən bayaq dünyagörüşü və xarici dil biliklərini növlərə böldüm və qeyd etdim ki, bu özəlliklər yüksək təhsilə aiddir. Bugünki dövrdə orta təhsillinin dünyagörüşü və xarici dil biliyi ali təhsil almışdan daha yaxşıdır. Burdan nəticə nə alınır? Demək oxuyursansa, əziyyət çəkirsənsə bunu yüksək səviyyədə elə. O zaman sənin dünyagörüşün və xarici dil biliklərin də yüksək səviyyədə olacaq. Bunlar mənim subyektiv fikirlərimdir və hər kəsin fikirlərinə hörmət edirəm. Bir məqamıda əlavə edim ki, bunlar hamısı tam deyil. Hər bir gənc həmçinin milli-mənəvi dəyərlərə malik olmalıdır. Mənəviyyat önəmlidir, fikirmcə mənəviyyat və onun tərkibinə daxil olan şəxsiyyət olmadıqca yüksək təhsilin də bir dəyəri qalmır.
- Siz ətrafınızdakı gəncləri necə görmək istərdiniz və onlara hansı təklifləriniz və tövsiyələriniz olardı...
- Bir az məsuliyyət tələb edən sual oldu. Fikrimcə, daha böyük uğur qazanmış gənclər deməlidir, ancaq mən fikirlərimi bölüşəcəyəm. Bunlar həmçinin birinci növbədə özümə aiddir. Tövsiyyəm ən birinci növbədə, hər şeydən əvvəl şəxsiyyət olmalarıdır, şəxsiyyət çox önəmlidir. Ərəb filosoflarından biri qeyd edir ki, "Şəxsiyyətsiz, imansız insanın bu dünyada heç bir əməlinin dəyəri yoxdur, boş bir buxardır, görsənir itir". Bu bir növdə milli-mənəvi dəyərlərimizə sahib çıxmağı deyirəm. Mən özüm üçün olan şüarı deyirəm, mən bu ideologiya ilə gedirəm - "Türkçülük, Müasirlik və İslamçılıq". Bəli bayrağımızın dinməz şüarı. Türkçülüyümüz – Azərbaycançılıq, Vətənə sevgi, vətənin tarixi və sərhədədək torpağına sevgi, Azərbaycan xalqının tarixi-mədəni irsinə sonsuz hörmət, Müasirlik - Elm-texnikaya yiyələnmək, son elmi nailiyyətləri öyrənmək, tətbiq etmək, çoxlu sayda dil biliklərinə yiyələnmək, dövrün, zamanın tələblərinə yaxşı formada uyğunlaşmaq, daima yaşıl fikirli olmaq, gələcəyə uğura inanmaq və İslamçılıq – Milli-mənəvi dəyərlərimizi qorumaq, onları yaşatmaq. Bax bu 3 prinsipə əməl etməyi gənclərimizə və özümə tövsiyyə edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB