Gənc alimlər yarışacaqlar

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu gənc alimlər üçün müsabiqə keçirəcək. Geologiya İnstitutunun mətbuat katibi Səid Hüseynovun SİA-ya verdiyi xəbərə görə, müsabiqə üçün müraciətlər oktyabrın 15-dən noyabrın 15-nə qədər qəbul ediləcək. Noyabrın 24 və 25-də isə iştirakçıların yeni elmi fikirlər, nailiyyətlər, elmin müasir problemləri, laboratoriyalarda aparılan uğurlu işlər və s. barədə məruzələri dinləniləcək.

Çıxışların nəticəsində final mərhələsinə AMEA-nın müxtəlif bölmələrində çalışan mütəxəssislər tərəfindən 30 nəfər iştirakçı seçiləcək. Bütün finalçılar sertifikat və hədiyyələr, qaliblər isə daha qiymətli hədiyyələr, həmçinin diplomla təltif ediləcək. İnstitutun Gənc Alimlər Şurasının təşəbbüsü ilə təşkil olunan müsabiqə prezident İlham Əliyevin bu il mayın 4-də imzaladığı "Azərbaycan Respublikasında 2009-2015-cı illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" haqqında sərəncama əsasən planlaşdırılır. Əsas məqsəd gənclərin elmə olan marağını daha da artırmaq, onların gələcəkdə daha uğurlu addımlar atmasına yaxından kömək etməkdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu "Elmin inkişafı və yeni nailiyyətlər" mövzusu üzrə ümumakademiya miqyasında gənclərin intellektual müsabiqəsini keçirməyə hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə