Qafqaz Universitetinin 100-ə yaxın tələbəsi Türkiyədə təcrübə keçir. SİA-nın xəbərinə görə, əvvəlki illərdə olduğu kimibu il də Qafqaz Universitetinin 100-ə yaxın tələbəsi Türkiyədə dövlət və özəl sektor müəssisələrində yay təcrübə proqramlarında iştirak edirlər. Türkiyənin bir-sıra dövlət qurumları və qabaqcıl şirkətləri ilə əməkdaşlıq edən universitet 2-ci və 3-cü kurslarda oxuyan tələbələrin praktikalarının Türkiyədə keçirilməsini təmin edir. Proqrama dərslərində müvəffəqiyyət baxımından fərqlənən və nümunəvi davranışı ilə seçilən tələbələr daxil edilir.
Proqramda əsasən İqtisadiyyat və idarəetmə fakultəsinin Maliyyə, Dünya iqtisadiyyatı, Dövlət və bələdiyyə idarəetməsi, Biznesin təşkili və idarəedilməsi, Menecment, Beynəlxalq münasibətlər, Regionşünaslıq ixtisaslarının və Mühəndislik fakultəsinin Sənayenin təşkili və idarəolunması, Kompyuter mühəndisliyi ixtisaslarının tələbələri iştirak edirlər. Bankasya, Petkim, Kuveyttürk bank, Colins, İstanbul Böyükşəhər bələdiyyəsi, Samsun Böyükşəhər bələdiyyəsi, Uyumsoft proqramlaşdırma şirkəti, Boğaziçi universiteti, TASAM və TESEV stratejik tədqiqatlar mərkəzi kimi müxtəlif sahələrdə qabaqcıl müəssisələr olaraq tanınmış qurumlarda tələbələr dərslərdə aldıqları bilikləri praktiki həyatda tətbiq etmə bacarıqlarına yiyələnirlər.
Təcrübə proqramı əsasən 1 ay davam etməkdədir. Tələbələr bu müddət ərzində bir tərəfdən ixtisasları ilə əlaqəli yeni tətbiqi bacarıqlar əldə edərkən digər tərəfdən qardaş ölkə Türkiyə ilə yaxından tanış olma imkanı əldə edirlər. Belə ki, praktika müddətində tələbələrə rəhbərlik etmək üzrə universitet tərəfindən təyin edilmiş təcrübəli müəllimlər bir tərəfdən təcrübə proqramının gedişatına nəzarət edərkən, digər tərəfdən həftə sonu gəzinti proqramları tərtib edərək tələbələrin Türkiyədəki tarixi-mədəni əhəmiyyətə malik məkanları görməsini təmin edirlər. Artıq ənənə halını almış Qafqaz tələbələrinin Türkiyə Respublikasında yay təcrübə proqramı müvəffəqiyyətlə davam etdirilir. Tələbələr ölkəmizi və universitetimizi layiqincə təmsil edir, təcrübə keçdikləri qurumlarda xüsusi rəğbət qazanırlar. Universitetin səyləri nəticəsində tələbələrin Türkiyədə yay təcrübə proqramı keçmə imkanı daha da genişlənir. Belə ki, Azərbaycan Dövlət Neft Şirkətinin də ortaqlarından olduğu Petkim ilə ötən il başlayan əməkdaşlıq bu il daha da genişlənib və Mühəndislik fakultəsinin tələbələri ilə birliktə İqtisadiyyat fakultəsinin tələbələri də bu müəssisədə təcrübə keçməyə qəbul ediliblər. Bu il ilk dəfə olaraq Samsun Böyükşəhər Bələdiyyəsi də Qafqaz Universiteti Dövlət və bələdiyyə idarəetməsi ixtisası tələbələrinə praktika imkanı verib.
Qafqaz universitetinin Dövlət İdarəçilik Akademiyası ilə olan əməkdaşlığı çərçivəsində DİA-nın tələbələri də Qafqaz tələbələri ilə birgə təcrübə proqramında iştirak ediblər. Xatırladaq ki, tələbələrin Türkiyədə yay təcrübə proqramı Türkiyə Respublikası Baş Nazirliyi İnkişaf və Əməkdaşlıq (TİKA) Baş İdarəsi tərəfindən də dəstəklənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB