Səhiyyə naziri Türkiyənin Əmək və Sosial Müdafiə naziri ilə görüşüb

Səhiyyə naziri Türkiyənin Əmək və Sosial Müdafiə naziri ilə görüşüb

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə naziri Faruk Çelikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, Azərbaycanda 11-13 iyul tarixlərində rəsmi səfərdə olan türkiyəli heyətlə görüşdə nazir O.Şirəliyev Əmək və Sosial Müdafiə məsələlərinin hər bir ölkə üçün önəmli və vacib sahə olduğunu vurğulayıb. Nazir, əhalinin sosial müdafiəsi baxımından Türkiyə kimi inkişaf etmiş ölkənin nümayəndələri ilə təcrübə mübadiləsinin vacibliyini xüsusi qeyd edib.

Azərbaycanın səhiyyə naziri O. Şirəliyev iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində görülmüş işlərdən, o cümlədən yerli müdavimlərin Türkiyə Respublikasının qabaqcıl ali təhsil ocaqlarında təhsil almasını, zəngin təcrübə keçməsini və təkmilləşərək ölkəyə tam hazır kadr kimi qayıtmasını əhəmiyyətli faktor kimi dəyərləndirib. Daha sonra türkiyəli qonaqlara ölkəmizdə tibb və sosial müdafiə sahəsində görülən işlərdən və əldə olunmuş nailiyyətlərdən danışıb. Nazir, bir necə il öncə ölkələrimiz arasında səhiyyə sahəsində imzalanmış protokolların daha da genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.

Öz növbəsində türkiyəli nazir Farük Çelik də özləri üçün ikinci vətən saydıqları Azərbaycanla qurulmuş əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün hər bir şəraitin olduğunu bildirib. Faruk Çelik qeyd edib ki, onların hesablamalarına görə hazırda Türkiyədə 17 min azərbaycanlı, Azərbaycanda isə 43 min türk vətəndaşı yaşayır. Türkiyəli nazirin fikrincə, bu faktor ölkələrimiz arasında olan əlaqələrin daha da genişlənməsinə və təkmilləşməsinə səbəb olmalıdır. O, hər iki ölkədə yaşayan vətəndaşlarımızın yüksək səviyyədə tibbi yardım alması üçün yeni xüsusi protokolların hazırlanması təklif edib.

Türkiyəli nazirin sözlərinə görə, Türkiyədə iki əsas səhiyyə qurumu fəaliyyət göstərir ki, onlardan biri Türkiyənin Sağlıq Bakanlığı, digəri isə Əmək və Sosial Müdafiə Bakanlığıdır. "Azərbaycanda dövlət tibbi xidməti ödənişsiz, Türkiyədə isə sığorta sistemi üzrə fəaliyyət göstərdiyi üçün hər iki ölkədə yaşayan vətəndaşlarımızın lazımi tibbi yardım alması üçün xüsusi imtiyazlı layihələrin işlənib hazırlanması və tez bir zamanda tətbiqi məqsədəuyğun olardı", - deyə Faruk Çelik bildirib.

Oqtay Şirəliyev belə bir layihənin hazırlanmasını və tətbiqini dəstəklədiyini və bunun çox vacib məsələlərdən biri olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə