Pilot müəssisələrində aparılan eksperimentin nəticələri açıqlandı

Pilot müəssisələrində aparılan eksperimentin nəticələri açıqlandı

Təhsil Nazirliyində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələrində aparılan eksperimentin nəticələri ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq "Tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot müəssisələrində aparılan eksperimentin nəticələri haqqında" təqdimatla çıxış edib. Bu eksperimentin aparılmasının hüquqi əsasından və keçirilməsini zəruri edən səbəblərdən söz açan nazir bununla bağlı qarşıya qoyulmuş məqsədi diqqətə çatdırıb.

Nazir bildirib ki, eksperimentin aparılması üçün 6 pilot müəssisə müəyyənləşdirilib ki, bunlar akademik Zərifə Əliyeva adına lisey, 6 nömrəli məktəb, Bakı Avropa Liseyi, "Elitar" gimnaziya, Fizika-riyaziyyat və informatika təmayüllü lisey və XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzidir. Eksperimentə dair təbliğat-təşviqat işlərinin həyata keçirildiyini vurğulayan nazir qeyd edib ki, bununla əlaqədar valideynlərlə görüşlər keçirilib, eksperimentin mahiyyəti onlara izah olunaraq rəy sorğuları aparılıb. Misir Mərdanov eksperimentin tədris Azərbaycan və rus dillərində aparılmaqla riyaziyyat-texniki, riyaziyyat-iqtisadiyyat, humanitarvə təbiət fənləri təmayülləri üzrə təşkil olunduğundan söz açıb.

Tədbirdə, həmçinin iştirakçılara eksperimentlə bağlı rəy sorğularının və müzakirələrin nəticələrinə görə pilot layihə barədə müsbət və tənqidi fikirlər, 2010-2011-ci dərs ilində eksperimentin aparıldığı 6 təhsil müəssisəsi üzrə IX sinfi bitirənlərin, 2011-2012-ci dərs ilinin əvvəlində X sinif şagirdlərinin və pilot siniflərə qəbul olunanların sayına dair statistik göstəricilər barədə məlumat verilib.

Misir Mərdanov daha sonra eksperimentin aparıldığı ümumi təhsil məktəblərində ayrı-ayrı təmayüllər üzrə təlim nailiyyətlərinin monitorinqinin nəticələrini, tədris planlarının 2011-2012-ci dərs ilində tətbiq edilən və 2012-2013-cü dərs ili üçün təklif olunan variantını, eləcə də rəy sorğularının nəticələrinə görə digər təklifləri diqqətə çatdırıb.

Sonda təqdimatla bağlı rəy və təkliflər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə