Özəl ali məktəblərdə jurnalistika fakültələrinə qəbul dayandırılıb

Özəl ali məktəblərdə jurnalistika fakültələrinə qəbul dayandırılıb
Azərbaycanda 2012-2013-cü tədris ili üçün hüquq ixtisası üzrə qəbul planı 50 faiz azaldılıb. SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev deyib. O, qeyd edib ki, ümumiyyətlə, ötən ilki qəbul planına nisbətən bəzi ixtisaslarda qəbul planında ciddi azalma var. Ən ciddi azalma hüquq ixtisası üzrədir. Bu ixtisas üzrə qəbul planı 232 nəfərdir. Qəbul planı ötən ilə nisbətən 50 faiz, yəni 222 yer azalıb: \"Jurnalistika ixtisası üzrə qəbul planı 199 yerdir. Bu, ötən ilə nisbətən 134 yer azdır. Ancaq dövlət ali məktəblərində jurnalistika fakültələrinə qəbul saxlanılıb, özəl ali məktəblərdə isə jurnalistika fakültələrinə qəbul dayandırılıb\".

Sədr müavini bunu Prezident yanında Təhsil Komissiyasında aparılan müzakirələrdən sonra bununla bağlı qərar qəbul olunduğunu, özəl ali məktəblərdə jurnalist kadr hazırlığının qənaətbəxş olmadığını deyib.


Azərbaycanda 2012-2013-cü tədris ilində ali məktəblərə qəbul planı ötən ilə nisbətən 9 faizə yaxın artığını deyən Namiq Babayev qeyd edib ki, ötən il ali məktəblərə qəbul planı 31 419 yer olub, bu il isə 34092 yerdir. Azərbaycan bölməsi üzrə qəbul olanı 14 367 yer, rus bölməsi üzrə 345 yer, hər iki bölmənin birgə müsabiqəsi üzrə 19 380 yerdir. TQDK sədrinin müavini qəbul planında bu ilki artımın əsasən, 4-cü ixtisas qrupu üzrə yarandığını açıqlayıb. Bu ixtisas qrupunda qəbul planı 639 nəfər artıb.

Qəbul planında artım üzrə ikinci yerdə isə 1-ci ixtisas qrupu gəlir. Burada artım 14,42 faiz, yaxud 1416 yer təşkil edir. Bu ixtisas qrupunda yeni ixtisaslar üzrə də qəbul planı müəyyənləşib. Bunlar əsasən, kosmik texnologiyalar, müdafiə sənayesi üzrə olan ixtisaslardır. 2-ci ixtisas qrupunda artım 315 yer, yaxud 3,5 faiz , üçüncü ixtisas qrupunda 313 yer və ya 3,44 faiz təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə