Ali məktəblərə qəbul üçün keçid balı açıqlandı

Ali məktəblərə qəbul üçün keçid balı açıqlandı
Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə sənəd verən abituriyentlər üçün ixtisas seçiminin vaxtı müəyyənləşib. SİA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq: \"Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaq. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq. Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcək. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupuna aid olan 15-dək ixtisas kodunu qeyd edə biləcək\".


Namiq Babayev bildirib ki, Azərbaycanda bu il ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək müsabiqə vəziyyəti 1-ci ixtisas qrupu üzrə olacaq. Onun sözlərinə görə, bu ixtisas qrupu üzrə 34 678 abituriyent sənəd verib. İkinci yerdə 3-cü ixtisas qrupu gəlir: \"Bu qrup üzrə sənəd verən abituriyentlərin sayı isə 31 662 nəfərdir. 2-ci ixtisas qrupu üzrə 23 345, dördüncü ixtisas qrupu üzrə isə 13 828 nəfər sənəd verib. Bu il ali məktəblərə sənəd verən abituriyentlərin ümumi sayı 103 513 nəfərdir. Bu, il ötən illə müqayisədə azdır. Ötən il ali məktəblərə sənəd verənlərin sayı 107 484 nəfər olub\".

Bütün xəbərlər Facebook səhifəmizdə