Tələbələrə turizmlə bağlı treninq keçirilib

Tələbələrə turizmlə bağlı treninq keçirilib
Azərbaycan Turizm İnstitutu Məzunlar Assosiasiyasının (ATİMA) "ATİMA PROFESSIONAL HOTELIERS TRAININGS 2012" adlı layihələr silsiləsi uğurla başa çatıb. SİA-nın xəbərinə görə, nəzərdə tutulan 10 günlük treninqləri Bakının ən məşhur otel brendlərinin departament, bölmə direktorları və menecerləri keçiriblər. Silsilə layihə çərçivəsində gerçəkləşən treninqlərdə Four Seasons Baku Hotelinin Housekeeping departament direktoru xanım Sakine Şalk, Faimont Baku otelinin Rezervasiya və Gəlirlər üzrə meneceri Scott Turyk, JW Marriott Absheron Baku otelinin Qida və İçkilər departamenti direktoru Nasir Shaikh, Sheraton Airport Bako otelinin Satış və Marketing Direktoru – Mark Muscat de Celis, Jumeirah Bilgah Beach otelinin Əməliyyat bölməsi direktoru Muhammed Saady nəzəri biliklərlə yanaşı, şəxsi fəaliyyət prinsipini sərgiləyən təqdimatla çıxış ediblər.


Layihənin sonuncu mərhələsini ümumilikdə 45 nəfər, o cümlədən ATİ-nin məzunları, tələbələri və ölkəmizin digər ali məktəblərinin təmsilçiləri uğurla başa vurublar. Treninq iştirakçılarına bu günlərdə keçirilməsi nəzərdə tutulan xüsusi mərasimdə trenerlərin adı və təmsil etdikləri otelin loqosu, ATİ-nin möhürü və Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun və ATİMA sədri İlkin Rüstəmovun imzası ilə təsdiqlənmiş sertifikatların verilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə