TQDK KİV nümayəndələri arasında müsabiqə elan edib

TQDK KİV nümayəndələri arasında müsabiqə elan edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) KİV nümayəndələri arasında müsabiqə elan edib. SİA-nın xəbərinə görə, TQDK-nın yaradılmasının 20 illiyi münasibətilə keçirilən müsabiqə 2 nominasiya üzrə aparılacaq. 1) TQDK-nın təsis olunmasının 20illiyinə həsr olunmuş ən yaxşı məqalə. Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcək. Bu naminasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə pul mükafatı təqdim olunacaq.

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2012-ci il avqust ayının 20-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə "müsabiqəyə təqdim olunur" yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.

2) TQDK-nın təsis olunmasının 20illiyinə dair ən yaxşı televiziya və ya radio reportajı nominasiyasında ilk 2 yerə layiq görüləcək KİV təmsilçilərinə pul mükafatı təqdim olunacaq. Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri 2012-ci il avqust ayının 20-dək televiziya və ya radioda yayımlanmış materialın video (audio) diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir.

Müsabiqənin nəticələri sentyabrın 1-dən 5-dək elan olunacaq və qaliblər mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə