TQDK jurnalistlərə müraciət etdi

TQDK jurnalistlərə müraciət etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası jurnalistlərə müraciət edib. SİA-nın xəbərinə görə, TQDK-nın müraciətində deyilir: \"Hörmətli həmkarlar! 2012/2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının gedişini işıqlandırmaq istəyən bütün KİV nümayəndələri ilə əməkdaşlıq etməyə məmnuniyyətlə hazırıq. Bunun üçün TQDK-da akkreditasiyadan keçməyiniz vacibdir. İlk qəbul imtahanı 2012-cu il iyulun 14-də III ixtisas qrupu üzrə keçirilir. Bu imtahanın gedişini müşahidə etmək istəyirsinizsə, aşağıda təqdim olunan təlimatla yaxından tanış olmağınızı və III qrup üzrə qəbul imtahanına akreditasiyadan keçmək istəyən KİV nümayəndələrinin fotoşəkillərini 11.07.2012-ci il saat 17:00-dək Komissiyanın mətbuat xidmətinə təqdim etməyinizi xahiş edirik.

KİV nümayəndələri üçün təlimat

Qəbul imtahanlarının gedişini izləmək üçün TQDK-da akkreditasiyadan keçməlisiniz. Akkreditasiya üçün aşağıdakılar tələb olunur:

1. Akreditasiyadan keçən müxbir və operatorun fotoşəkilləri (ölçüsü və formasına dair hər hansı məhdudiyyət qoyulmur)

2. Təyin olunduğunuz binaya gələrkən özünüzlə xidməti vəsiqə (etibarlılıq müddəti bitməmiş) və şəxsiyyəti təsdiq edən sənədinizi gətirməyi unutmayın. Bu sənədlərdən biri olmadıqda imtahan binasına buraxılmayacaqsınız.

3. İmtahan binasına daxil olarkən sənədlərinizi mühafizə xidmətinin əməkdaşlarına təqdim etməlisiniz. Təhlükəsizlik məqsədilə yoxlamadan keçməlisiniz.

İmtahanın gedişini izləyən KİV nümayəndələrinə aşağıdakılar qadağandır:

- İmtahan binasına mobil telefon, hər hansı tədris vəsaiti gətirmək;

- İmtahan müddətinin 2/3-si başa çatanadək imtahan binasını tərk etmək;

- İmtahanın gedişi zamanı abituriyent və ya imtahan nəzarətçiləri ilə söhbət etmək, imtahan zalında müsahibə götürmək;

- İmtahan başlandıqdan sonra imtahan zalına daxil olmaq (imtahanın gedişini yalnız imtahan zalının giriş qapısından izləyə və çəkiliş apara bilərsiniz).

- Abituriyentlərin diqqətini yayındıran, fikirlərini cəmləmələrinə mane olan hal və hərəkətlər (ucadan danışmaq, koridorda iti yerimək və. s. ) etmək;

- Mühafizə xidməti əməkdaşlarını lentə almaq.

QEYD: Akkreditasiyadan keçmək üçün tələb olunan sənədləri elektron formada [email protected] ünvanına da göndərə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə