Azərbaycan Dillər Universitetində “Məzun günü” qeyd olundu

Azərbaycan Dillər Universitetində “Məzun günü” qeyd olundu

Azərbaycan Dillər Universitetində (ADU) 2011-2012-ci tədris ilində universiteti bitirən bakalavr və magistr tələbələrin "Məzun günü" keçirilib. SİA-nın xəbərinə görə, universitetin həyətində keçirilən tədbirdə ADU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbirin aparıcıları – Filologiya fakültəsinin II kurs tələbəsi Hafiz Xəlilzadə və həmin fakültənin III kurs tələbəsi Gülşən Cavadzadə məzunları təbrik edərək onlara uğurlar arzulayıblar.

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov məzunlara gələcək həyatlarında uğurlar arzuladı, universitetin tələbələri ilə fəxr etdiyini dilə gətirib. Məzun adı qazananların gələcəkdə nüfuzlu dövlət xadimi olacaqlarını, hər bir təşkilatda ən yüksək vəzifələr tutacaqlarının əminliyini ifadə edib. Rektor, həmçinin ADU-nun beynəlxalq əlaqələrindən, qazandığı uğurlardan danışıb. O, universitetin Respublikadan kənarda da tanındığını və bununla fəxr etdiyini bildirib. Azərbaycan bayrağını yüksəldən Azərbaycan övladlarının məhz Dillər Universitetində yetişdiyini deyən Səməd Seyidov bildirib ki, tələbələr bu universitetdə vətəndaş kimi yetişir və formalaşır. Azərbaycanın səsinin Avropa Şurasından və digər təşkilatlardan gəldiyini deyən rektor bu sahədə ADU-nun rolunun da əvəzolunmaz olduğunu ifadə edib: "O gün olsun biz bu kimi tədbirləri Qarbağda, Xankəndində qeyd edək. Azadlıq deyərək bayrağımızı ucaldaq". S.Seyidov tələbələri bu illərdə özlərini şəxsiyyət kimi formalaşdırmalarını tövsiyyə edib. Rektor ADU-nun bir ailə olduğunu iştirakçıların diqqətinə çatdırdı və müəllimlərə, valideynlərə öz minnətdarlığını bildirib. O, əminliklə bildirib ki, ADU tələbələri harada olmağından asılı olmayaraq Azərbaycanın və universitetin adını daim yüksək tutacaqlar və Azərbaycanı ən yüksək səviyyədə təmsil edəcəklər.

Çıxışlardan sonra universiteti fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim edilib. Tədbir maraqlı konsert proqramı ilə davam edib.

Qeyd edək ki, 2011-2012-ci tədris ilində ADU-nu fakültələr üzrə əyani şöbədə 1011, qiyabi şöbədə 80 nəfər, həmçinin universitetin magistraturasının əyani şöbəsini 123, qiyabi şöbəsini 36 nəfər magistr bitirir.

Bütün xəbərlər Facebook səhifəmizdə