Təhsil Nazirliyində ali təhsil və beynəlxalq əlaqələr mövzusunda tədbir keçirilib

Təhsil Nazirliyində ali təhsil və beynəlxalq əlaqələr mövzusunda tədbir keçirilib

Bu gün Təhsil Nazirliyində ali təhsil və beynəlxalq əlaqələr mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən nazir Misir Mərdənov nazirliyin nümayəndə heyətinin İtaliya və Litvaya səfərinin nəticələri barədə ətraflı məlumat verib.



Nazir bu yaxınlarda Litva və İtaliyaya səfərinin məqsədinin həmin ölkələrin təhsil sistemi ilə, orada həyata keçirilən islahatlarla tanış olmaq, əlaqələri genişləndirmək və həmin ölkədə təhsil sahəsindəki nailiyyətləri Azərbaycanın təhsil sistemində tətbiq etmək olduğunu vurğulayıb.



\"Hər iki ölkədə, ümumiyyətlə, Avropa İttifaqına üzv ölkələrdə təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əmək haqqı dəfələrlə çoxdur, bu vəsaitlər Azərbaycanla müqayisə oluna bilməz\", - Mərdanov əlavə edib.



Nazir çıxışı zamanı onu da qeyd edib ki, İtaliyada səfər çərçivəsində Romanın Mərkəzi Parkında ucaldılan Nizami Gəncəvinin abidəsi də azərbaycanlı nümayəndə heyəti tərəfindən ziyarət olunub.



Tədbirin davamında "Ali təhsil və cəmiyyət elmi-metodik" jurnalının və "Dünyanın 100 ən yaxşı universiteti" kitabının təqdimatı da olub.


Məlumat üçün bildirək ki, İtaliya və Latviyaya səfər çərçivəsində İtaliyanın məşhur La Sapienza universitetinin rektoru Luici Frati ilə Misir Mərdanovun görüşü baş tutub. Görüş zamanı Azərbaycanşünaslıq kafedrasının yaradılmasına dair oradakı səfirliyimizlə 3 illik müqavilə imzalanıb. Bununla yanaşı, görüşdə Azərbaycan Memarlıq və İnşaat və Texniki Universitetlə əməkdaşlıq haqda sazişin imzalanması məsələsi də müzakirə olunub.


Qeyd edək ki, tədbirdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov, Bakı Slavyan Universitetinin (BSU) rektoru Kamal Abdulla, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və başqa ali təhsil ocaqlarının rəhbərli iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə