X Beynəlxalq Türk dili Olimpiadasının iştirakçıları ilə görüş olub

Bakı Özəl Türk Liseyində 30 may- 14 iyun tarixlərində Türkiyədə keçirilən X Beynəlxalq Türk dili Olimpiadasına qatılan Azərbaycan nümayəndə heyətinin iştirakı ilə tədbir təşkil olunub. SİA-nın xəbərinə görə, tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsi rəisi, Olimpiadada Azərbaycan təşkilat komitəsinin sədri Mesut Kurnaz ölkə məktəblilərinin Türkiyədə keçirilən Beynəlxalq Türk dili Olimpiadasında iştirakı haqda ətraflı məlumat verib. 2003-cü ildən etibarən Türkiyədə Beynəlxalq Türk Dili Olimpiadasının keçirildiyini deyən komitə sədrinin sözlərinə görə, olimpiadanın məqsədi türk dilinin-türk dilləri qrupuna daxil olan dillərin bütün dünyada əhatəli şəkildə tanınmasına və yayılmasına nail olmaqdır.

"Bu il 135 ölkədən 1500 şagirdin iştirakı ilə 10-cu yubiley Beynəlxalq Türk Dili Olimpiadasının final mərhələsi 30 may - 14 iyun 2012-ci il tarixlərində Türkiyənin 45 müxtəlif şəhərində 67 proqram təşkil olunub. O cümlədən İzmir Atatürk Stadionunda 200 min nəfər tamaşaçının iştirakı ilə keçirilib. Olimpiadanın rəsmi bağlanma mərasimi İstanbul Türk Telekom Stadionunda 100 min nəfər tamaşaçının iştirakı ilə təşkil olunub. Türkiyə mətbuatında olimpiada ilə əlaqədar 2521 xəbər yayınlanıb. Həmçinin, Türkiyənin 45 televiziya kanalının müxtəlif proqramlarında olimpiadanın gedişatı işıqlandırılıb. Türkiyə prezidenti Abdullah Gül olimpiada iştirakçılarını Prezident İqamətgahında qəbul edib".


M.Kurnaz əlavə edib ki, bu il İstanbul Sərgi Mərkəzində təşkil olunmuş sərgidə ən böyük stend Azərbaycana ayrılıb. Onun fikrincə, Türk dili Olimpiadası yazı, danışıq, qrammatika, mahnı, şeir, xüsusi istedad, xalq rəqsləri və digər nominasiyaları əhatə edib: "Olimpiadada bu il Azərbaycanı təmsil edən şagirdlərimiz 10-cu yubiley Beynəlxalq Türk Dili Olimpiadasında 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc medal qazanıb. 10 il müddətində isə Azərbaycanı təmsil edən şagirdlərimiz 35 qızıl, 48 gümüş, 20 bürünc medal əldə ediblər".


Tədbir olimpiadada uğur qazanan Azərbaycan nümayəndə heyətinin üzvlərinin ifası ilə davam etdirilib. Bundan sonra, qaliblərə təşəkkürnamələr də təqdim olunub. Qaliblərə mükafatları Yeni Azərbaycan Partiyasının Səbail rayon Təşkilatının sədri Zahid Qaralov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli və digərləri təqdim edib.


Z.Qaralov bildirib ki, Çağ Öyrətim İşlətmələrinin əsas məqsədi güclü, tədbirli, savadlı insanları hazırlamaqdır. Onlar hər zaman ağıllı, bilikli və ölkəsinə layiq gənclərin yetişdirilməsinə xidmət edir. Hər il Türkiyədə təşkil olunan beynəlxalq olimpiada isə bütün türk millətinin bir araya gəlməsinə, insanlıq naminə əl-ələ tutmasına şərait yaradır.


MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli isə əlavə edib ki, bu olimpiada hər zaman beynəlxalq arenada da medianın və ictimaiyyətin diqqət mərkəzindədir. Onun sözlərinə görə, Beynəlxalq Türk Dili Olimpiadasının məqsədi türk dilinin bütün dünyada əhatəli şəkildə tanınmasına nail olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...