İmtahanlarda 11 şagirdin nəticəsi ləğv olunub

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Şəki, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaş da orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş buraxılış imtahanları keçirib. TQDK-dan SİA-ya verilən xəbərə görə, hər bir rayon üzrə saat 10:00-da XI siniflər, həmin gün saat 15:00- da isə IX siniflər imtahan veriblər.


Komissiya sədri Məleykə Abbaszadə imtahan prosesini yaxından izləmək üçün Qəbələ, Oğuz, Şəki və Balakən rayonlarındakı imtahan mərkəzlərinə baş çəkib, buraxılış imtahanlarının gedişini izləyib. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib. İlkin məlumatlara əsasən müxtəlif binalarda 11 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub. Hazırda komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...