İlin ən yaxşı məktəbinin əlavə korpusa ehtiyacı var-Müsahibə

İlin ən yaxşı məktəbinin əlavə korpusa ehtiyacı var-Müsahibə

Xəbər verdiyimiz kimi, bü günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı müəllimi" seçilib. Bu yüksək ada layiq görülən məktəblərdən biri də 60 saylı orta məktəbdir. Biz də SİA olaraq 60 saylı məktəbin direktoru Həqiqət Qarayevə ilə söhbətləşərək uğurları haqda danışdıq.


- İlk öncə məktəbiniz haqqında ətraflı məlumat verərdiniz və uğurlarınızdan danışardınız?


- Məktəbimiz 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən yenidən əsaslı təmir olunub. Bizim məktəbimiz 840 şagird üçün nəzərdə tutulub, lakin məktəbimizdə 1500-ə yaxın şagird təhsil alır. Bu il də şagird axını çoxluq təşkil edib. Hazırda məktəbimizdə sıxlıq çoxdur. Müəllim şagird nisbəti 1:15-dir. Ötən il Vüqar adlı şagirdimiz Mendeleyev Olimpiadasında 3-cü yerə layiq görülüb, Yaponiyada keçirilən Dünya Olimpiadasında iştirak edib. Bu il bir şagirdimiz Respublika Olimpiadasında 3-cü yerə layiq görülüb. Bizim şagirdlərin əksəriyyəti xaricdə təhsil almağı üstün tutublar. Keçən il 4 şagirdimiz Moskvada Lomonosov adına Universitetin tələbə adını qazanıb. Həmçinin 1 şagirdimiz beynəlxalq universitetin tələbə adını qazanıb. İlbəil qəbul faizi atır, ötən il attestat alanların sayı 100 % olub. Bu il yenə də şagirdlərin 100%-i attestat alıb. Bu da bizim müəllimlərimizin bəhrəsidir.


- Bir rəhbər kimi bugün məktəbinizdə çalışan müəllimlərdən razısınızmı?


- Müəllimlərin davamiyyəti, hazırlığı hər zaman bizim diqqət mərkəzimizdədir. Biz çalışacağıq ki, bundan sonra məktəbimizin adı daha da yüksəklərə qalxsın. Bizim üçün bu sevindirici haldır. Keçən il 2 müəlliməmiz "İlin ən yaxşı müəllimi" adına layiq görülüb. Bunlar İngilis dili fənnini tədris edən Baxışova Nüşabə və biologiya fənnini tədris edən Rəhimova Səfurədir. Bu il də ibtidai sinif müəlliməmiz Aygün Ağayeva imtahanlardan yüksək balla keçərək bu yüksək ada layiq görülüb. Bizim özümüzün də balımız çox yüksəkdir, bunu da bizə verən keyfiyyət faizimizdir. Məktəbimizin təqdimatı da təhsil naziri tərəfindən bəyənilib. Biz bu müsabiqənin təşkilinə görə Prezident İlham Əliyev və nazir Misir Mərdanova dərin minnətdarlığımızı bildiririk. Nəinki mən, məktəb kollektivimiz də bu xəbəri eşidən andan sevinc hissi keçirir. Bu müəllimlərimizi ruhlandırır, bu işimizin daha yüksək səviyyədə görülməsinə şərait yaradır.


- Sizin fikrinizcə, namizəd məktəblər arasında niyə məhz sizin məktəb bu ada layiq görülüb?


- Düşünürəm ki, heç vaxt çəkilən əziyyət yerdə qalmır. Əgər bizim bazamız, keyfiyyət faizimiz olmasaydı, imtahandan keçə bilməzdik. Komissiyanın tərkibində 30-a yaxın nümayəndə vardı və imtahanlar çox obyektiv aparılırdı. Bu fərmandan sonra məni yaxınlarım təbrik etdi. Düşünürəm ki, bundan sonra hər il imtahanda iştirak edim. Bu fəallıq məni daha da həvəsləndirdi.


- Sonda arzu və istəklərinizi eşitmək istərdik...


- Bizim məktəb artıq 5 ildir ki, pilot məktəblər sırasına daxil olmuş elektron məktəb kimi fəaliyyət göstərir. Həm də müəllimlərin öz üzərilərində işləməsi, şagirdlərin yüksək bilik səviyyəsinə malik olması da məktəbin tanınmasına şərait yaradır. Bizə valideyn, şagird, ətraf mühit qiymət verir. Baza olmasa, biz əziyyət çəkməsək, bu ada layiq görülmərik. Bu müsabiqədə ilk olaraq məktəbin son üç il ərzində həyata keçirdiyi işləri nəzərdən keçirilir. Daha sonra şagirdlərin keyfiyyət faizi, həm attestat almaq faizi, həm də qəbul faizi nəzərə alınır.

Məktəbimiz təhsil üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub. Lakin bizim üçün indi ən vacib məsələ yeni bir korpusun tikilməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə