Azər Maqsudov: \"Bu mövsüm taksikoloji müraciətlərin sayı 10-15% artıb\"

Azər Maqsudov: \"Bu mövsüm taksikoloji müraciətlərin sayı 10-15% artıb\"

"Aprel ayından etibarən ilanvurma ilə bağlı müraciətlər başlayıb. Həmin vaxtdan bu günə kimi 48 ilan vurma faktı ilə əlaqədar müraciətlər olub". Bunu SİA-ya açıqlamasında Mərkəzi Tibbi Klinikanın toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.


O bildirib ki, bu müraciətlərin 60%-i ağır, 40%-i isə orta və yüngül dərəcədə olub. A.Maqsudovun sözlərinə görə, qaraqurd sancması ilə bağlı 8 müraciət qeydə alınıb və bunlardan 4-ü ağır, 5-i yüngül dərəcəlidir: "Sarı əqrəb vurması ilə bağlı 6 müraciət daxil olub ki, onların da 2-si ağır olub. Hər hansı bir həşərat sancması ilə bağlı ölüm faktı qeydə alınmayıb. Bunun əsas səbəbi odur ki, ilin əvvəlində ilan zəhərinə qarşı zərdab məsələsi Səhiyyə Nazirliyi qarşısında qaldırılıb. Nazirlik də bu məsələyə çox operativ yanaşaraq lazımı qədər zərdab təşkil edib. Bu gün həm Mərkəzi Tibbi Klinikdə, həm də Təcili Tibbi Yardım Stansiyasında ilan zəhərinə qarşı kifayət qədər zərdab var. Zərdablar Fransa istehsalıdır, qısa zamanda öz müsbət təsirini göstərir".


Taksikoloq əlavə edib ki, keçən mövsümlə müqayisədə bu il zəhərlənmə faktlarında artım qeydə alınıb. Onun sözlərinə görə, bu mövsüm müraciətlərin sayı 10-15% artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə