Azərbaycan və Türkiyə universiteti birgə əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə universiteti birgə əməkdaşlıq edəcək

Türkiyənin Hitit Universitetinin rektoru, prof. Dr. Reha Metin Alkan Azərbaycan Turizm İnstitutunun qonağı olub. SİA-nın xəbərinə görə, ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Hitit Universitetinin rektoru prof. Dr.Reha Metin Alkanı və onu müşayiət edən şəxsləri səmimi salamladıqdan sonra institutun yaranma tarixindən söz açıb. ATİ-nin üçüncü məzun ili ərəfəsində olduğunu, beynəlxalq təşkilatlar və nüfuzlu ali təhsil ocaqları ilə faydalı əməkdaşlığından danışıb.

Qonaq öz növbəsində bildirib ki, 2006-cı ildən müstəqil ali təhsil ocağı kimi fəaliyyət göstərən Hitit Universiteti altı il əvvələ kimi Çorum Qazi Universitetində 6 fakültə, 4 magistratura pilləsi, 7 min nəfər tələbə ilə təmsil olunub. Az bir müddətdə Türkiyənin nüfuzlu ali təhsil ocağı imicini qazanıb. Bir sıra beynəlxalq, o cümlədən Leonardo da Vinci, Erasmus Mundus proqramlarının fəal iştirakçısıdır. 2007-ci ildən 2011-ci ilə kimi olan dövrdə Hitit Universitetinin 66 tələbəsi qeyd edilən proqram çərçivəsində Avropanın nüfuzlu universitetlərində təhsil almaq şansı qazanıb. Azərbaycana səfərdə məqsəd qardaş ölkənin ali təhsil ocaqları ilə yaxından tanışlıq, universitetlərarası memorandum və sazişlərə imza atmaqdır.

Hitit Universitetinin rektoru qeyd edib ki, Bakıda olduqları müddətdə Azərbaycanın tanınmış ali təhsil ocaqları ilə ikitərəfli sənədlər imza atıblar, Azərbaycan Turizm İnstitutu ilə də davamlı ikitərəfli əməkdaşlıqda maraqlıdırlar. ATİ-nin rektoru C.Cəfərov bu faydalı təklifə razılığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə