TQDK hüquq-mühafizə orqanlarına müraciət edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də keçirilən buraxılış imtahanında aşkarlanmış neqativ halla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. SİA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu neqativ hal Yevlax rayonunda qeydə alınıb. Belə ki, buraxılış imtahanına giriş üçün bir şagirdə iki arayışın verildiyi və hər arayışda şəklin fərqli olduğu aşkarlanıb: "Bu o deməkdir ki, bir şagirdin yerinə digəri imtahana girməli imiş. Həmin hərəkət məktəb direktoru tərəfindən edilib. Bizim bununla bağlı indi xidməti araşdırma aparmaq imkanımız yoxdur. Bu faktla bağlı prokurorluq orqanlarına müraciət edəcəyik".


Lakin TQDK sədri həmin şagirdin adını və soyadını açıqlamayıb. TQDK sədri həmçinin deyib ki, direktorlar istəsələr belə imtahan prosesinə əlavə müdaxilə edə bilməzlər: "Direktorlar imtahan prosesinə buraxılmırlar. Onlar yalnız şagirdlərə kimliklə bağlı belə arayışlar verirlər. Ümidvaram ki, arayışlarla bağlı əlavə hər hansı neqativ hal aşkarlanmayacaq. Hazırda direktorların nəzarətçi müəllimlərlə bağladıqları müqavilələr də yoxlanılır".

Bütün xəbərlər Facebook səhifəmizdə