Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev 2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumi təhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, 50 ən yaxşı müəllim 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı, 50 ən yaxşı məktəb isə 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə qiymətləndirilib. "Ən yaxşı müəllim" adına layiq görülən pedaqoqlardan biri də Ağayeva Aygün Süleyman qızıdır. Bəlkə də bu bir çoxlarınıza tanış gəlmir. Amma bu gənc pedaqoq ötən gün prezidentin sərəncamı ilə təsdiq edilən "Ən yaxşı müəllim"dən biridir. 7 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olan müəllimə qısa zaman ərzində bu yüksək ada layiq görülüb. Buna görə özünü çox xoşbəxt hiss edən müəllimə sənətini sevərək şagirdlərə hörmətlə yanaşır. O hesab edir ki, hər bir müsabiqədə iştirak edən insan özünə inanmalıdır. Müsabiqədən öncə müxtəlif turlardan yüksək nəticə əldə edən Aygün əvvəldən özünə inandığından nəticəsinin də yüksək olduğuna inanır. Aygün Ağayeva SİA-ya müsabihəsində bir sıra məsələlərə də aydınlıq gətirdi.
- İlk öncə sizi təbrik edirəm. Adınızı qaliblər siyahısında görəndə hansı hisslər keçirdiniz?
- Təbii ki, bunu eşidəndə çox sevindim və özümü çox xoşbəxt hiss etdim. Nə yaxşı ki, qısa zaman ərzində çəkdiyim əziyyətim yerdə qalmadı.
- Əvvəlcədən qalib olacağınızı gözləyirdinizmi?
- Hardasa gözləyirdim, çünki özümə inamım vardı. İnanırdım ki, keçə biləcəyəm, bunu bacaracağam. İlk gündən də inandığım üçün nəticəsi doğru çıxdı. Müsabiqədən öncə keçirilən 3 turun hər birində yüksək nəticə göstərdim. Hər dəfə turlardan keçdikcə bu məndə böyük sevinc yaradırdı. Hər dəfə otağa daxil olaraq mənim balım və ya keçdiyim deyiləndə bir az da inamım artırdı. İlk əvvəldən hiss edirdim ki, müsabiqədən keçəcəyəm.
- İlk təbrikiniz kimdən gəldi?
- Ulk öncə anamdan, sonra isə həyat yoldaşımdan.
- Sizin fikrinizcə, hansı xüsusiyyətlərə görə o qədər namizəd içərisindən məhz siz seçildiniz?
- İlk növbədə cavan olduğuma görə işləməyə həvəs və enerjim daha çoxdur. Müasir texnologiya, kurrikulumla çox işləyirəm. Bir sözlə, müasir müəllimin qarşısına qoyduğu tələbləri yerinə yetirə bilirəm.
- Sizcə, bu gün müasir məktəb və təhsili nələri tələb edir?
- Fikrimcə, tədrisdə mütləq əyanilik olmalıdır. Artıq standart dərslər olmamalıdır. Çünki bugünün şagirdləri də əvvəlki şagirdlərdən çox fərqlənirlər. Əvvəlki şagirdlərə müəyyən metodla standart formada dərs keçirilirdisə, bugünki şagirdlər onları qəbul etmir. Şagirdlər üçün belə dərslər maraqlı deyil. Hazırda internet, müasir texnologiyalar, telefon var. Uşaqların bazası çoxdur və müxtəlif yerlərdən məlumat toplayırlar. Onlara adi bir dərsi keçəndə maraqlı olmur. Müəllim hər an hazırlıqlı olmalıdır. Müəllim özü məlumatlanmalı, bilməli və müasir texnologiyalardan istifadə etməyi bacarmalıdır ki, uşaqların sualları qarşısında aciz qalmasınlar.
- Bugünki pedaqoqlar necə olmalı və şagirdlərə daha çox nəyi öyrətməlidir?
- Kurrikulum mənim çox xoşuma gəlir, çünki bu sistem hər bir şeyi əhatə edir. Bu sistemi çox bəyənir və ondan istifadə edirəm. Müəllim özü əyaniliyi verməyi bacarmalıdır. Artıq mənim sinfimdə uşaqlar əyaniliyə, dərsdən əlavə vəsaitlərə, göstərişlərə o qədər öyrəşib ki, bir gün olmayanda bundan özləri narazılıq edir. Şagirdlərə mütləq əlavə məlumatlar verilməli, mütləq müasir tələbələrə uyğun testlər keçirilməlidir. Elə etməliyik ki, dərslər uşaqlar üçün darıxdırıcı olmamalı, onlar dərs ərzində darıxmamalı və yatmamalıdır.
- Sizin bugünki müəllimlərə istəkləriniz, tövsiyələriniz...
- Azərbaycanda həddindən artıq savadlı müəllimlər var. Lakin onlar nədənsə müsabiqələrə qatılmaaqdan çəkinirlər. Mən istərdim ki, müəllimlər belə müsabiqələrə qatılsınlar və Azərbaycanı dünyada tanıtsınlar. Mən özüm bir pedaqoq kimi bundan sonra da öz üzərimdə çalışacağam və bundan sonrakı addımlarımda Azərbaycanı beynəlxalq arenada təqdim edəcəyəm. İstərdim ki, bütün müəllimlər də beynəxlalq müsabiqələr çıxsınlar, yeni metodlarla, texnologiyalarla işləsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB