Dərmanlarla bağlı 2 nazirlik birgə monitorinqlər aparacaq

\"Azərbaycanda dərman bazarına Səhiyyə Nazirliyi tərəfindən ciddi nəzarət olunur\". SİA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, ölkəyə idxal olunan dərman preparatlarının hər bir seriyası nazirliyin müvafiq qurumları tərəfindən analiz olunduqdan sonra onların ölkəyə idxalına icazə verilir. E.Ağayevin sözlərinə görə, artıq bir neçə ildir ki, Azərbaycan Respublikasında qeydiyyatda olmayan dərman preparatlarının əczaçılıq bazarına girişi qadağan olunub.


"Dərman vasitələri haqqında qanunda da təsbit olunub ki, içlik vərəqələri milli – Azərbaycan dilində olmalıdır. Bununla əlaqədar əczaçılıq şirkətlərinə bir müddət əvvəl xəbərdarlıq olunub və iyun ayının 1-dən etibarən içlik vərəqəsi Azərbaycan dilində olmayan dərman vasitələrinin ölkəyə gətirilməsi qadağandır. Bununla bağlı neqativ hallarla qarşılaşmırıq, çünki əvvəlcədən şirkətlərə bu barədə xəbərdarlıq edilib və bu gün edilən xəbərdarlığın bəhrəsini görürük. İndi içlik vərəqələri Azərbaycan dilindədir. Bir müddət sonra İqtisadi İnkişaf Nazirliyi ilə birgə bu məsələ ilə bağlı monitorinqlər aparacağıq", - deyə nazir müavini əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə