TQDK növbəti buraxılış imtahanlarını keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirir. SİA-nın xəbərinə görə, hər bir rayon üzrə saat 10:00-da XI siniflər, saat 15:00-da isə IX siniflər öz biliklərini nümayiş etdirəcəklər. Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 35 imtahan mərkəzi ayrılıb. İmtahan Gəncə şəhərində 6, Daşkəsən rayonunda 1, Göygöl rayonunda 2, Samux rayonunda 3, Naftalan rayonunda 1, Goranboy rayonunda 3, Şəmkir rayonunda 6, Gədəbəy rayonunda 3, Ağstafa rayonunda 2, Qazax rayonunda 3, Tovuz rayonunda isə 5 binada keçirilir. Adıçəkilən rayonlar üzrə 11382 nəfər XI sinif şagirdinin (Gəncə şəhərində 2115, Daşkəsən rayonunda 242, Göygöl rayonunda 673, Samux rayonunda 656, Naftalan rayonunda 71, Goranboy rayonunda 1270, Şəmkir rayonunda 2289, Gədəbəy rayonunda 699, Ağstafa rayonunda 900, Qazax rayonunda 868, Tovuz rayonunda 1599 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.


Bu gün saat 15:00-da orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 35 imtahan mərkəzi ayrılıb. İmtahan Gəncə şəhərində 6, Daşkəsən rayonunda 1, Göygöl rayonunda 2 , Samux rayonunda 3, Naftalan rayonunda 1, Goranboy rayonunda 3, Şəmkir rayonunda 6, Gədəbəy rayonunda 3, Ağstafa rayonunda 2, Qazax rayonunda 3, Tovuz rayonunda isə 5 binada keçiriləcək. Həmin gün imtahan keçiriləcək rayonlar üzrə 16681 nəfər IX sinif şagirdinin (Gəncə şəhərində 3114, Daşkəsən rayonunda 436, Göygöl rayonunda 1002, Samux rayonunda 849, Naftalan rayonunda 87, Goranboy rayonunda 1729, Şəmkir rayonunda 3164, Gədəbəy rayonunda 1336, Ağstafa rayonunda 1175, Qazax rayonunda 1323, Tovuz rayonunda 2466 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.


Buraxılış imtahanı ana dili və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 4-də buraxılış imtahanı verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...