“Karyerada ilk addım”a başlandı

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşqulluq Xidməti tərəfindən "Karyerada ilk addım" devizi altında daha bir tədbirə start verilib. Tələbələrlə, xüsusən ali təhsil ocaqlarını bitirmək ərəfəsində olan məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin yaradılmasına xidmət edən növbəti tədbir bu gün Azərbaycan Turizm İnstitutunda (ATİ) keçirilib. ATİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə,tədbir iştirakçılarına 3 dövlət, 54 qeyri-dövlət müəssisəsi tərəfindən 405 boş iş yeri təklif olunur.


Adından da göründüyü kimi tədbirin əsas məqsədi məzun və tələbələrə ixtisasları üzrə əmək bazarındakı tələbat haqqında ətraflı məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək, qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadr seçiminə imkan yaratmaqla iş axtaran vətəndaşların müvafiq işlə təminatına kömək göstərməkdir. Tədbirdə qeyri-neft sektoru üzrə tanınmış müəssisə və şirkətlərdən "European Tobacco-Baku" ASC, "Azərsun Holding" MMC, "Veysəloğlu Yayıcılı Qardaşlar" MMC, "İmprotex Travel" MMC, " Atəşgah" Sığorta şirkəti, "Ataturizm" MMC, "Paşa Travel" MMC, Qobustan Milli Tarixi Bədii Qoruğu və.s iştirak edirlər. Onuda qeyd edək ki, indiyədək Bakı şəhərində "Karyerada ilk addım" devizi altında keçirilən tədbirlərdə 903 işəgötürən müəssisə və şirkət iştirak edib.1184 işəgötürən təşkilat tərəfindən 7510 vakant iş yeri təklif olunub. Tədbirlərə gələn iş axtaran vətəndaşlardan 2185 nəfərə göndəriş verilib, 1134 nəfər isə münasib işlə təmin edilib. "Karyerada ilk addım" devizi altında növbəti tədbir bu il iyun ayının 22-də Qafqaz Universitetində təşkil ediləcək. İlin sonunadək Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşqulluq Xidməti tərəfindən ölkənin daha bir neçə ali təhsil müəssisəsində "Karyerada ilk addım" devizi altında tədbirin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə