İtaliya universitetlərində təhsil alan azərbaycanlı gənclərə güzəştlər ediləcək

İtaliya universitetlərində təhsil alan azərbaycanlı gənclərə güzəştlər ediləcək

La Sapienza Universitetində yaradılacaq Azərbaycanşünaslıq kafedrası gələcəkdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin mərkəzinə çevrilə biləcək. SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov İtaliyanın təhsil naziri Françesko Profumo ilə görüşü zamanı deyib. Nazir İtaliya ilə bütün sahələrdə mövcud olan geniş əməkdaşlıqdan danışıb, xalqın bu ölkəyə və onun vətəndaşlarına olan hörmətinin təhsil sahəsində qarşılıqlı əlaqələrin genişlənməsinə zəmin yaratdığını qeyd edib.

La Sapienza Universitetində keçirilən görüşdən razı qaldığını bildirən nazir xaricdə təhsil üzrə Dövlət Proqramı barədə italiyalı həmkarına məlumat verib. Misir Mərdanov İtaliya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayının artırılmasının vacibliyini vurğulayıb, bunun üçün Azərbaycan hökuməti tərəfindən təqaüd ayrılmasının mümkünlüyünü qeyd edib. Təhsil naziri iki ölkənin alimləri arasında birbaşa əlaqələrin genişləndirilməsinin və yay tətili müddətində hər iki ölkə tələbələrinin səfərlərinin təşkil olunmasının mühüm əhəmiyyətini vurğulayıb. Misir Mərdanov yaxın gələcəkdə Azərbaycan orta məktəblərində italyan dilinin tədris olunması ilə bağlı İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə müzakirələr aparıldığını söyləyib.

İtaliyanın təhsil naziri Françesko Profumo italyan dili və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkür edib və Azərbaycan barədə İtaliya ictimaiyyətinin məlumatlandırmasının vacibliyini nəzərə çatdırıb. Eyni zamanda La Sapienza Universitetində Azərbaycan dili və tarixinin yüksək səviyyədə öyrənilməsinin təşkili məsələsinə toxunan nazir təhsilin digər istiqamətləri üzrə əlaqələrin yaradılması işinə hərtərəfli dəstək veriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə