Yaponiyalı qonaqlar ADU-da olub

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Yaponiyanın Siyasi Araşdırmalar İnstitutunun (GRIPS) Vitse-prezidenti, professor Ceyms. R. Rodos və Məzunlarla iş üzrə ofisinin direktoru Karin Hillenlə görüşüb. SİA-nın xəbərinə görə, rektor Səməd Seyidov qonaqları salamlayaraq universitet haqqında onlara məlumat verib. O, rəhbərlik etdiyi ali təhsil ocağında universitet tələbələrinin inkişafı üçün böyük işlər görüldüyünü və hər sahədə, xüsusən də universitetin beynəlxalq əlaqələrinin genişlənməsinə xüsusi əhəmiyyət verildiyini bildirib.

ADU-nun beynəlxalq əlaqələrinə diqqət çəkən S.Seyidov Şərq ölkələri ilə münasibətlərə universitetin böyük önəm verdiyini deyib. Bu baxımdan ADU-da Yaponiya ilə əlaqələrin xüsusi rolunun böyük olduğunu qeyd edib. ADU-da Yaponşünaslıq ixtisasının açıldığını qonaqların diqqətinə çatdıran rektor əlaqələrin inkişafında dil və mədəniyyətin vacib bir yer tutduğunu bildirib. Səməd Seyidov ADU-da fəaliyyət göstərən Yapon mərkəzinin fəaliyyəti haqqında da qonaqlara məlumat verib.

Yaponiyanın Siyasi Araşdırmalar Vitse-prezidenti, professor Ceyms. R. Rodos səmimi qəbula görə Səməd Seyidova təşəkkür edib. O, təmsil etdiyi universitetin 1997-ci ildən fəaliyyət göstərdiyini bildirdi. Universitetdə mövcud olan fakültələr haqqında məlumat verən professor Ceyms. R. Rodos, eyni zamanda orada həyata keçirilən proqramlar haqqında da danışıb. Qonaq universitetdə 16 magistr və 6 doktorantura proqramının mövcud olduğunu vurğulayıb. Görüşdə, həmçinin qarşılıqlı münasibətlər və gələcək əməkdaşlıq perspektivləri haqda da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Yaponşünaslıq ixtisası 2011-2012-ci tədris ilindən açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə