Şəmsəddin Hacıyev: \"Elmi işlərdə plagiatlığın müəyyən olunması üçün çox ciddi proqram hazırlanır\"-MÜSAHİBƏ
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin SİA-ya müsahibəsi:
- Bu gün ölkədə elmin inkişafını və buraya gənclərini axın tempini necə qiymətləndirərdiniz?
- Bu günlərdə Prezident İlham Əliyev çıxışında elm və təhsil sahəsini yenidən daha da kəskin formada inkişafımızın ən prioritet sahəsi kimi elan etdi. Bundan əlavə, gələcək inkişafımızın bu sahə ilə bağlı olmasını bir daha vurğuladı. Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, elmi elitanın formalaşdırılmasına çalışmalıyıq. Xüsusilə gənclərin bu sahəyə maksimum cəlb olunması ilə elmi elitanı formalaşdırmaq lazımdır ki, onlar da gələcəkdə elmin inkişafına təkan versinlər. Daha konkret desək, burada söhbət hansısa fövqəladə elmi kəşfdən və ya elm sahəsində yeni bir istiqamətdən getmir. Əsas məsələ burasındadır ki, ölkədə gənclərdən ibarət elmi elita formalaşmalı və onlar da gələcəkdə Azərbaycanın strukturlarında təmsil olunmalıdır. Bu istiqamətdə dövlətin dəqiq siyasəti var ki, bunlara da xaricdə və ölkə daxilində təhsil, təhsil sisteminin təkmilləşdirilməsi, dövlət sifarişlərinin həyata keçirilməsi ilə bağlıdır. Bütün bu mexanizmlərdən istifadə edilərək qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əlverişli şərait yaranmalıdır.
- Ölkədə texniki sahə ilə humanitar sahə arasındakı balansı yaratmaq mümkün olubmu?Ümumiyyətlə, bu gün gənclər daha çox hansı elmi sahələrə meyl edirlər?
- Əvvəllər gənclər arasında texniki ixtisaslara olduqca az tələbat var idi. Bu da təbii ki, Azərbaycanın iqtisadiyyatının, kənd təsərrüfatının vəziyyətilə birbaşa bağlı idi. Əgər iqtisadiyyatın bu və ya digər sahəsi inkişaf etmirsə, təbii ki, orada heç bir kadra, mütəxəssisə ehtiyac olmayacaq. Amma indi Azərbaycan tamamilə başqa bir yol seçib, günü-gündən inkişafa doğru irəliləyir və ölkə iqtisadiyyatı şaxələnir. Təbii ki, bununla əlaqədar olaraq bu sahələrdə kadrlara təlabat da artır. Bu gün Azərbaycanda elm, texnologiya tutumlu sahələrin inkişafı göz qabağındadır. Texnopolislər, texnoparklar yaradılır və bunlar da həmin sahələr üzrə kadr hazırlığına ciddi tələbat yaradır. Məlumatımıza görə, Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramına əsasən, xaricə göndərilən gənclərimiz əksəriyyəti texniki ixtisaslar üzrə təhsil alırlar. Bundan əlavə, humanitar sahənin ölkədə kadr hazırlığını yüksək səviyyədə təşkil etməyin mümkün olmadığı sahələrində təhsil alanlar çoxdur. Hüquq, iqtisadiyyat sahəsində isə bu say çox cuzi miqdardadır.
- Bu gün elmi işlərin hazırlanması və müdafiəsi zamanı plagiatlığa yol verilməsi, kitabların olmaması bir sıra problemlərə gətirib çxıarır. Mövcud problemlərin qarşısını necə almaq olar?
- Zəif elmi işlərin müdafiəyə təqdim olunması və plagiat kimi halların olması bütün ölkələrdə mövcuddur. İnternetin inkişafı və bu mənbələrə çıxışın olması belə problemlərin ortaya çıxmasına şərait yaradır. Kimdir plagiatla məşğul olan? Təbii ki, savadsız insanlar, hardasa əyri yollarla aspiranturalara qəbul olanlar, elmi özü üçün daxildən gələn təlabat, özünü reallaşdırmaq müstəvisi kimi yox, karyera üçün vasitə hesab edənlərdir. Bunlar hər yerdə olub, bu gün var və gələcək də olacaq. Lakin elə mexanizmlər yaratmaq lazımdır ki, belə insanlara yüksək ixtisaslı kadrların hazırlanması üçün elmin qapısı bağlansın və onlar içəri keçə bilməsinlər.
Plagiata gəlincə, bununla bağlı məsələ çox ciddi şəkildə qoyulub. Plagiatın müəyyən olunması üçün çox ciddi proqramlar hazırlanır. Təbii ki burada dünya təcrübəsindən də istifadə etməliyik. Düşünürəm ki, bu istiqamətdə yaxın illərdə müəyyən irəliləyişə nail olunacaq. Amma biz həmişə nöqsanları, neqativləri deməyə adət etmişik. Amma çox yüksək səviyyəli işlərimiz də var və əksəriyyət təşkil edir. Bu gün istər elmi, istərsə də ali təhsil müəssisələrin doktorantura pilləsində təhsil alan doktorantlarımızın əksəriyyəti savadlı, intellektli insanlardır. Nöqsanlarımızı bilirik və buna qarşı da çox kəskin olmalıyıq. Bunlar isə özümüzdən, elmi şuralardan, elmi rəhbərdən asılıdır. Amma ən başlıcası hər şey tədqiqatçının özündən asılıdır. Elə mexanizmləri qurmalı və yaratmalıyıq ki, birmənalı olaraq təsadüfü adamların elmə gəlməsi qeyri-mümkün olsun. Qanunvericilikdə də bunu nəzərə almışıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB