8 şagirdin buraxılış imtahan nəticəsi ləğv olundu

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirib. TQDK-dan SİA-ya verilən xəbərə görə, iyunun 8-də hər bir rayon üzrə saat 10:00-da XI siniflər, həmin gün 15:00-da isə IX siniflər öz biliklərini nümayiş etdiriblər.

TQDK sədri Məleykə Abbaszadə imtahan prosesini yaxından izləmək üçün Şamaxı və İsmayıllı rayonlarındakı imtahan mərkəzlərində olub, imtahanın gedişi ilə tanış olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.


Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur. Bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar. İlkin məlumatlara əsasən, müxtəlif binalarda 8 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə