Dünyanın ən tanınmış kardiocərrahları İstanbula toplaşır

Dünyanın ən tanınmış kardiocərrahları İstanbula toplaşır

7-10 iyun tarixdə İstanbulda dünya şöhrətli alim, professor Sir Maqdi Yakubun şərəfinə kardiologiya və ürək-damar cərrahiyyəsi üzrə elmi-praktiki konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, konfrans kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin son yenilikləri ilə tanış olmasına, transplantasiya sahəsində əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparmalarına şərait yaradacaq. Türkiyə Ürək xəstəlikləri və Ürək-Damar Transplantasiyası Fondunun təşkilatçılığı ilə keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən kardioloq və kardio-cərrahlar iştirak edəcək.

Konfransın Təşkilat Komitəsinin üzvləri və əsas çıxışçıları kardiologiya və ürək-damar cərrahiyyəsinin dünya şöhrətli mütəxəssislərindən seçilib. Onların arasında Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev də yer alıb. Belə ki, konfransda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayevin başçılığı altında Azərbaycanlı mütəxəssislərdən ibarət nümayəndə heyəti də iştirak edəcək.

Konfransa Çikaqo Universitetinin professoru Maqdi Yakub, Araşdırma İnstitutunun təsisçisi və rəhbəri professor Sir Maqdi Yakubla yanaşı, Miçiqan Universitetinin professoru Əsgər Xaqani, ABŞ-ın Mayo Klinikasının professoru Riçard Deyli, Nyukasl Universitetinin professoru Con Dark, Monako Ürək-Damar Mərkəzinin professoru Dr. Cills Dreyfus, Barselona Universitetinin ürək-damar cərrahiyyəsi mütəxəssisi Karlos Mestres, Qahirə Universitetinin professoru Əl Sayid Kamal Akl, Praqa Transplantasiya Mərkəzinin rəhbəri Yaroslav Spatenka, Roma Bio-tibbi Mərkəzinin professoru Françesko Musumeçi, Suriyanın Əl Bassel Ürək İnstitutunun direktoru Məcid Otman və digər ürək-damar cərrahiyyəsi və ürək transplantasiyası sahəsində dünyanın ən məşhur mütəxəssisləri də qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə