Mobil telefonlarla imtahana gələn şagirdlərin nəticələri ləğv edilib

Mobil telefonlarla imtahana gələn şagirdlərin nəticələri ləğv edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhərində Azərbaycan və rus bölməsində, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsində təhsil alan ümumtəhsil müəssisələrinin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirib.


TQDK-dan verilən xəbərə görə, buraxılış imtahanı Bakı şəhərinin 11 rayonunda yaradılmış 53 imtahan mərkəzində-Nərimanov rayonunda 5, Səbail rayonunda 3, Yasamal rayonunda 5, Nəsimi rayonunda 4, Nizami rayonunda 4, Binəqəd rayonunda 6, Sabunçu rayonunda 6, Xətai rayonunda 6, Suraxanı rayonunda 5, Xəzər rayonunda 5, Qaradağ rayonunda 4 binada saat 11:00-da başlanıb, saat 13:00-da başa çatıb.


İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə saxlanılıb.


Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.


Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.


Təəssüflə qeyd edirik ki, dəfələrlə edilmiş elan və xəbərdarlıqlara baxmayaraq, bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar.


Bəzi şagirdlərin isə imtahan binalarına mobil telefon, eləcə də digıər köməkçi vasitələrlə keçmək cəhdlərinin qarşısı alınıb.


İlkin məlumatlara əsasən, müxtəlif binalarda 7 şagirdin üzərində mobil telefon aşkarlanıb və onlar imtahandan xaric edilərək nəticələri ləğv edilib.


Bəzi şagirdlərin isə imtahan zalından qaydalara zidd olaraq sual kitabçasını çıxarmaq cəhdlərinin qarşısı alınıb.


TQDK iyunun 3-də Bakı şəhərində Azərbaycan və rus bölməsində, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsində təhsil alan ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə