ADU-da yay imtahan sessiyası başladı

Bu gündən Azərbaycan Dillər Universitetində (ADU) yay imtahan sessiyasına start verilib. ADU-dan SİA-ya verilən məlumata görə, universitetin rektoru, millət vəkili, professor Səməd Seyidovun14 may 2012-ci il 54 saylı əmrinə əsasən sessiya iyunun 30-dək davam edəcək. Yay imtahan sessiyası 5 fakültənin (tərcümə, fransiz dili, alman dili, filologiya, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani gündüz, 1saylı ingilis dili fakültəsinin əyani gündüz və qiyabi şöbələrində, 2 saylı ingilis dili fakültəsinin isə əyani gündüz və axşam şöbələrində aparılacaq.

Yay imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ qərargah da yaradılıb. Tədris şöbəsinin müdiri Lyudmila Muradovanın rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri xüsusi şöbənin rəisi Elçin Tağıyev,Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva, Tələbə Gənclər Təşkilatının sədri Xıdır Kazımov və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadır.

Bununla yanaşı, ADU-nun 440-35-02, 440-35-05, 440-64-82 saylı şəhər və 141,146, 264 saylı daxili telefonları, eləcə də mail@adu.edu.az ünvanlı elektron poçtu "Qaynar xətt" elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün binaların görkəmli yerlərində müvafiq qutular qoyulub.


Bütün xəbərlər Facebook səhifəmizdə