Məktəblərdə “Son zəng” çalındı - FOTOLAR

Məktəblərdə “Son zəng” çalındı - FOTOLAR

Bu gün Azərbaycanın bütün ümumtəhsil məktəblərində "Son zəng" çalındı. Bununla da məktəbliləri 11 il ərzində təhsil aldıqları təhsil müəssisələrinə əlvida deyib.

"Son zəng" tədbirləri ölkənin, o cümlədən paytaxtın bütün məktəblərində qeyd olunub. Heydər Əliyev adına Liseydə təşkil olunan tədbir bütün məktəblərdə olduğu kimi saat 10:00-da başlayıb. Liseyin direktoru Fikrət Xəlilov ilk öncə məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. O bildirib ki, bütün sahələr üzrə bu liseyin məzunları yüksək nəticələr göstərir: "Təbii ki, bu belə də olmalıdır. Çünki ulu öndər Heydər Əliyevin adını daşımaq hər təhsil müəssisəsinə nəsib olmur. Bəlkə də gələcəkdə Heydər Əliyev siyasətini davam etdirəcək insanlar bu məzunlar arasından yetişəcək. Bu gün insanlar uşaqlıq həyatlarına son qoyur. Onlar müstəqil respublika üçün layiqli gənclərə çevrilməlidir. Onun üçün ali təhsil almaq çox vacibdir. Ali məktəb imtahanları və gələcək fəaliyyətinizdə sizlərə uğurlar arzulayıram".

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razi Məmmədov da məzunları təbrik edərək onları gələcəkdə vətənə və xalqa layiqli övlad olmağa çağırıb. Tədbirdə qonaq qismində iştirak edən Xətai rayon icra Hakimiyyəti başçısının müavini Xeyrulla Hüseynli, "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev də öz növbəsində çıxış edərək məzunlara təbriklərini çatdırıblar.

Tədbir məzunların və məktəblilərin maraqlı çıxışları ilə davam edib. Məktəbi başa vuran 11-cilər rəmzi xarakter daşıyan açarı onlardan sonra gələn 11-cilərə təqdim edib.

Növbəti belə tədbir isə Xətai rayon 249 saylı məktəbində təşkil olunub. Məktəbin direktoru Nizami Bayramov məzunların məktəb və respublika səviyyəsində keçirilən olimpiada, müxtəlif müsabiqələrdə hər zaman uğurla çıxış etdiklərini deyib. O bildirib ki, hər bir insanın təlim-tərbiyəsi ailədən sonra məktəbdə formalaşır. Direktorun sözlərinə görə, cəmiyyətə, ölkəsinə layiq insan olmağı istəyən hər bir məzun və ya gənc isə həm orta, həm də ali məktəbdə yüksək təhsil almalıdır.

"Son zəng" tədbiri məzunların maraqlı çıxışları ilə davam edib. Onlar müxtəlif mahnılar oxuyaraq, rəqslər edərək qonaqları sevindiriblər.

"Son zəng" tədbiri Səbail rayon 7 saylı orta məktəbdə də təşkil olunub. Məktəbi qurtardıqları üçün həm üzülən, həm də xosbəxt olan məzunlar öz təəssüratlarını müxtəlif formada izah etməyə çalışıblar. Kimi yeni həyata atıldığı üçün özünün xosbəxt hiss edir, kimi rəqs edir, kimi mahnı oxuyur, kimi isə bir kənara çəkilərək gizlincə ağlayırdı. Məzunlar bütün məktəblilərə öz arzularını çatdırıblar.

Belə tədbirlər Suraxanı rayon 65 saylı məktəb, o cümlədən Səbail rayon 6 saylı orta məktəbdə təşkil olunub.

Bütün məktəblərdə təşkil olunan tədbirlər saat 12:00-da "Son zəng"in çalınmasıyla başa çatıb. Bununla da məktəblilər 11 il ərzində təhsil aldıqları məktəb və uşaqlıq həyatları ilə vidalaşıblar.

Qeyd edək ki, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 92178 şagird bitirəcək. Bu göstərici isə ötən il 97653 nəfər təşkil edib. 2011-2012-ci tədris ilində Bakı şəhərindəki əyani ümumi təhsil məktəblərinin XI sinfini 24285, IX sinfini isə 33977 şagirdin bitirəcəyi gözlənilir.

Təhsil naziri Misir Mərdanovun imzaladığı əmrə əsasən, ümumtəhsil məktəblərində "Song zəng" tədbirləri saat 10:00-dan başlayaraq üç saat müddətində və yalnız məktəbin ərazisində keçirilib. "Son zəng" tədbirində valideynlər, müharibə və əmək veteranları, elm, mədəniyyət, incəsənət xadimləri, tanınmış alim - pedaqoqlar da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə