Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunan Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" élan edilməsi ilə bağlı təhsil nazirinin müvafiq əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi tərəfindən əmr imzalanıb. SİA-nın xəbərinə görə, həmin əmrə əsasən BŞTİ tərəfindən tədbirlər planı da hazırlanıb.
"İdman ili" ilə əlaqədar olaraq həm məktəbdənkənar, həm də ümumtəhsil müəssislərində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Həmin tədbirlər sırasında təhsil müəssisələrində "Azərbaycan gəncləri dünya idman arenalarında" mövzusunda söhbətlərin təşkili, ümumtəhsil müəssisələrində və idman məktəblərində müxtəlif idman növləri üzrə turnirlərin, birinciliklərin keçirilməsi yer alıb. Həmçinin ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Bizim olimpiya çempionlarımız" mövzusunda inşa müsabiqəsi, ümumtəhsil müəssisələri və idman məktəblərində Beynəlxalq Qaçış Gününə həsr olunan tədbirlər də keçiriləcək.
Bunlarla yanaşı, voleybol və həndbol idman növləri üzrə 1998 – 1999 – cu il təvəllüdlü məktəbli oğlan və qızlar arasında "İdman ili"nə həsr olunan Bakı birinciliyinin, idman məktəblərinin yetirmələri arasında Futbol kubokunun, şahmat, dama və stolüstü tennis idman növləri üzrə məktəblilərin XXV Spartakiadasının keçirilməsi BŞTİ tərəfindən tərtib edilən tədbirlər planında öz əksini tapıb. "İdman ili"nin ən yaxşılarını seçmək məqsədilə müxtəlif nominasiyalar üzrə Bakı şəhər müsabiqəsinin keçirilməsi, yekunda isə müxtəlif idman tədbirlərində öz istedadları ilə fərqlənən uşaqların mükafatlandırılması planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB