Moldovanın sabiq prezidenti BDU-da qonaq olub

Moldovanın sabiq prezidenti BDU-da qonaq olub

Bu gün Moldova Respublikasının sabiq prezidenti Petru Luçinski Bakı Dövlət Universitetində olub və tələbələrlə görüşüb. BDU-dan SİA-ya verilən xəbərə görə, görüşdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov ali qonağı Azərbaycanın ilk ali təhsil ocağında salamlayaraq universitetin tarixi, son nailiyyətləri haqqında məlumat verib. Azərbaycan-Moldova münasibətlərdən danışan rektor vaxtilə ümummilli lider Heydər Əliyevin bu münasibətlərin inkişafında və möhkəmləndirilməsində Petru Luçinskinin rolunu yüksək qiymətləndirdiyini bildirib.

Tələbələr qarşısında çıxış edən eks-prezident Petru Luçinski Sovet İttifaqının dağılması, bu proseslərdə Azərbaycan və Moldovanın yeri, müstəqilliyini əldə edən bu iki ölkədəki mövcud vəziyyət mövzusunda məruzə edib. Natiq qeyd edib ki, Azərbaycanın bugünkü uğurlarını illərdir aparılan ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan-Moldova arasındakı dostluq əlaqələrin tarixindən danışan sabiq prezident vaxtilə ümummilli lider Heydər Əliyev ilə çox isti münasibətlərinin olduğunu qeyd edib.

Görüşün sonunda sabiq prezident tələbələrin çoxsaylı suallarına cavab verib. Görüşdə eyni zamanda Moldovanın Azərbaycandakı səfiri İqor Bodiu və Moldova Azərbaycanlıları Konqresinin prezidenti Vüqar Novruzov iştirak ediblər.

1997-ci ildən Bakı Dövlət Universitetinin fəxri doktoru olan Petru Luçinski müasir Moldovanın ən görkəmli və nüfuzlu siyasətçisi, ictimai və dövlət xadimlərindən biri hesab olunur. 1960-1971-ci illərdə Petru Luçinski komsomol və partiya sistemlərində yüksək vəzifələr tutub, elmi və diplomatik fəaliyyətlə məşğul olub, Moldova parlamentinin üzvü və sədri seçilib.1996-

2001-ci illərdə Moldova Respublikasının Prezidenti olan Petru Luçinski Moldova, həmçinin Fransa, Yunanistan, Ruminiya və İsrailin bir çox yüksək dövlət və hökumət mükafatlarına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə