Ali məktəblərə qəbul imtahanlarının vaxtı yenidən dəyişdiriləcək

"Bu ilin dövlət büdcəsindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ayrılan maliyyə vəsaiti yalnız 100 min nəfər üçün imtahanın keçirilməsini nəzərdə tutub. Ancaq buraxılış imtahanlarının bizə həvalə olunması ilə imtahan verəcək şagirdlərin sırasına 250 min də əlavə edilib. Bütün bunları nəzərə alan komissiya cari il imtahanların təşkili üçün əlavə maliyyə vəsaitinin ayrılması üçün müvafiq qurumlara müraciət edib". SİA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu il komissiyaya 900 min manat vəsait ayrılıb. Əlavə maliyyə vəsaitinin ayrılması üçün müvafiq qurumlara müraciət edildiyini deyən M.Abbaszadə vurğulayıb ki, bu məsələ mayın sonuna qədər müsbət həll olunacaq".

TQDK sədri bugünki mövcud vəziyyətlə bağlı ali məktəblərə qəbul imtahanları günlərinin yenidən dəqiqləşdiriləcəyini qeyd edib. Bu il qəbul imtahanlarının tarixlərinin aprelin əvvəlində rəsmi olaraq elan edildiyini xatırladan M.Abbaszadə bildirib ki, bu tarixlər aprelin 19-da ölkə prezidentinin fərmanı ilə komissiyanın səlahiyyətləri genişlənməmişdən əvvəl açıqlandığından sonradan qəbul imtahanlarının tarixlərinin dəyişəcəyini elan edildi.

"Artıq TQDK ölkə üzrə bütün buraxılış imtahanlarının cədvəlini müəyyənləşdirib. İyulun 4-də sonuncu buraxılış imtahanıdır. Nəzərdə tuturduq ki, ölkə üzrə buraxılış imtahanları elə iyulun 4-də bitəcək. Amma indi müxtəlif problemlər ortaya çıxır. Hazırda eksternat qaydada imtahan verənlərin, əvvəlki illərdə imtahanlarda uğur qazanmayanların siyahısı formalaşır və hələ bizə təhvil verilməyib. Bu gündən başlayaraq mayın 30-dək bizə bu məlumatlar gəlir. Amma tam təsdiqlənməyib. Ona görə də biz hələ ki bu imtahanlarda neçə nəfərin iştirak edəcəyini bilmirik. İyulun 8-də bütün ölkə üzrə imtahana gəlməyən, problemi olan, əvvəlki illərin məzunları ilə əlaqədar imtahan keçirəcəyik. Bizə vaxt lazımdır. Biz elə bilirdik ki, baza tam təmizdir. Bununla əlaqədar biz bu siyahıları mayın 30-na qədər əldə edəndən və yoxlama prosesinə başlayandan sonra biləcəyik ki, iyulun 8-də keçiriləcək imtahanda nə qədər adam iştirak edəcək. Bundan sonra biz qəbul imtahanlarının tarixlərini dəqiq elan edəcəyik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...