Mayın 30-da buraxılış imtahanından azad ediləcək məktəblərin siyahısı açıqlanacaq
Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən sınaq imtahanlarında 164447 abituriyent iştirak edib. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın bütün regionlarında bu imtahanlar təşkil olunub. Onun sözlərinə görə, yalnız ölkənin 3 rayonunda-Naftalan, Xızı və Daşkəsən də sınaq imtahanları keçirilməyib: "Bunun da səbəbi həmin rayonlarda abituriyentlərin sayının 100 nəfərdən az olmasıdır. Cari il sonuncu sınaq imtahanı mayın 27-də təşkil olunacaq. Respublikanın 30 şəhərində keçiriləcək sınaq imtahanında 31188 abituriyent qeydiyyatdan keçib".
M.Abbaszadə bəzi regionlarda baş vermiş zəlzələdən sonra imtahandan azad olunanlarla bağlı məlumatı da açıqlayıb. O bildirib ki, aprelin 19-dan sonra baş verən təbii fəlakətdən sonra Zaqatala rayonunun bütün orta məktəblərində şagirdlər buraxılış imtahanlarından azad olunub və onların yekun qiymətlərinin illik qiymətlər əsasında yazılmasına icazə verilib. TQDK sədrinin sözlərinə görə, Qax və Balakəndə isə təkcə məktəblər deyil, insanların evləri də qəzalı vəziyyətə düşdüyündən hələki bununla bağlı dəqiqləşdirmələr davam edir.
"Aprelin 19-dan başalayaraq baş verən zəlzələnin fəsadları ilə bağlı məlumatlar mayın 25-dən 30-də Təhsil Nazirliyi tərəfindən təqdim olunacaq. Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar Qax və Balakən rayonlarında buraxılış imtahanından azad ediləcək orta məktəblərin siyahısı dəqiqliklə mayın 30-dək açıqlanacaq", - deyə o əlavə edib.
Komissiya sədri qeyd edib ki, ölkədəki bəzi məktəblərin şagirdləri də buraxılış imtahanlarından azad olunub. Belə ki, xəstəliklə əlaqədar bəzi şagirdlər, təlimi gürcü dilində orta məktəblər, Naxçıvan Muxtar Respublikasındakı bütün orta məktəblər bu proseslərdə iştirak etmir. Lakin hazırda Naxçıvan Muxtar Respublikasının təhsil şöbəsi ilə danışıqlar aparılıb. Gələn razılığa əsasən, gələn ildən Naxçıvanın şagirdləri də bu prosesdə iştirak edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB