TQDK buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə xəbərdarlıq etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 2-si və 3-də Bakı şəhərində buraxılış imtahanlarını keçirəcək. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, iyunun 2-də Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdi imtahan verəcək və bunun üçün 53 imtahan mərkəzi ayrılıb. Onun sözlərinə görə, iyunun 3-də isə Bakıda ayrılan 68 imtahan mərkəzində 34277 nəfər IX sinif şagirdi imtahan verəcək.
Eyni gündə Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsinin şagirdləri də imtahan verəcək. Regionlarda isə iyunun 2-də rus bölməsi üzrə təhsil alan 1935 nəfər XI sinif, iyunun 3-də isə 2096 nəfər IX sinif şagird imtahanlara qatılacaq. Bunun üçün adıçəkilən rayon və şəhərlərin hər birində bir imtahan mərkəzi yaradılıb.
\"Artıq bütün məktəb şagirdlərinə "İmtahana buraxılış vəsiqəsi"nin verilməsinə başlanıb. Buraxılış vəsiqəsi şagirdlərin Təhsil Nazirliyi tərəfindən təqdim etdiyi bazada göstərilən məlumatlara əsasən dərc olunub. Əgər kimsə buraxılış vərəqəsi ala bilmirsə, demək onu adı məlumat bazasında olmayıb. Amma hələ ki belə hal olmayıb. Ümid edirəm ki, olmayacaq da. Buraxılış vərəqələrində şagirdlərin adları Təhsil Nazirliyinin bizə verdiyi formada çap edilib. Lakin bu gün müşahidə olunan porblemlər şagirdlərin adı, soyadı və ya atasının adı ilə bağlıdır. Bununla bağlı isə şagirdlər məktəbə, rayon təhsil şöbəsi v əya komissiyaya müraciət edə bilər. Əgər hansısa şagirdlərdə belə hallar yaranarsa, onların buraxılış vəsiqəsinə möhür vurularaq imtahana göndərilir", - deyə M.Abbaszadə əlavə edib.
TQDK sədri müəyyən səbəblərdən buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər üçün keçiriləcək imtahanın da tarixini açıqlayıb. M.Abbaszadə qeyd edib ki, səhhəti, ailə vəziyyəti ilə bağh buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyulun 8-də buraxılış imtahanı verəcəklər.
M.Abbaszadə vurğulayıb ki, hazırda təhsil şöbələri buraxılış sinif şagirdlərinin son iki illik qiymətlərini bazaya daxil edirlər: "İndiyədək 167 min şagirdin imtahan nəticələri bazaya daxil edilib. Onlardan 96 min şagirdin nəticələri təsdiq edilib. Bu proses davam edir. Nəticədə şagirdlər həm ali məktəbə qəbul imtahanı zamanı, həm də daxil olduqları ali məktəbə attestatı təqdim edə bilməyəcək".
Komissiya sədri buraxılış imtahanında şagirdləri ciddi nizam-intizam qaydalarına riayət etməyə çağırıb. Onun sözlərinə görə, imtahanlarda nizam-intizamı pozanlara qarşı ciddi tədbirlər görüləcək: "İmtahana yardımçı vasitələr gətirməyə cəhd edən və ya köçürməyə cəhd edən şagirdlərin imtahan nəticələri ləğv ediləcək. "Yaddaş kitabçası"nda abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB