Azərbaycanda quş qripi aşkarlanmayıb

Azərbaycanda quş qripi aşkarlanmayıb

Bu ilin əvvəlindən indiyədək ölkə ərazisində "quş qripi" ilə bağlı ev və çöl quşları arasında müvafiq olaraq 2 dəfə monitorinq keçirilib, 2945 baş ev və çöl quşunun qan nümunələri, 48 baş ev və çöl quşunun patoloji materialı müayinə edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müayinə olunmuş nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi aşkarlanmayıb.

Monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dəniz sahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Hazırda "quş qripi" xəstəliyinə və digər yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. DBX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə