Azərbaycanda Distant Təhsil Mərkəzi açıldı

Azərbaycanda Distant Təhsil Mərkəzi açıldı

Bu gün Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılış mərasimi keçirilib. İKT İnformasiya Mərkəzindən SİA-ya verilən məlumata görə,"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron Təlimləndirən Sistemlər" layihəsinin əsas komponentlərindən biri olan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir. Açılış mərasimində təhsil naziri Misir Mərdanov və təhsil sektorunun müxtəlif nümayəndələri iştirak edib. Tədbir çərçivəsində həmçinin www.mesafedenmekteb.edu.az internet portalının təqdimatı keçirilib.

Qeyd edək ki, "Elektron Təlimləndirən Sistemlər" layihəsinin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə, cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq və bununla yanaşı, kompyuter, elektron resurslardan istifadə bacarıqlarının artırılması və internetə çıxış imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində 30 şagird və 7 müəllim heyəti "Apple" şirkətinin istehsalı olan "Macbook" noutbukları ilə təchiz olunub, şagirdlərin evləri Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq, yüksək sürətli internet bağlantısı ilə təmin edilib.

Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə 20 saylı məktəb-liseyin seçilmiş sinif otaqları yüksək sürətli fiberoptik internet və intranet bağlantıları ilə təchiz olunub. Eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqların Distant Təhsilinin icrasını təmin etmək məqsədilə müəllimlər, şagirdlər və valideynlər üçün İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair metodik vəsait hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə