Respublikanın 8 rayonunda uşaq hüquqlarının tədrisi həyata keçirilib

Respublikanın 8 rayonunda uşaq hüquqlarının tədrisi həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində uşaq hüquqları tədrisinin həyata keçirilməsi işini davam etdirir. SİA-nın xəbərinə görə, ombudsmanın təşəbbüsü ilə artıq üç tədris ilidir ki, Uşaq hüquqları üzrə pilləli tədris layihəsi uğurla həyata keçirilməkdədir. Layihənin icrasına ilk olaraq Bakıdakı üç pilot məktəbində başlanılıb, daha sonra paytaxtın on bir rayonunun hərəsindən bir məktəb seçilməklə bu proses davam etdirilib.

Cari tədris ilində isə respublikanın 8 rayonunda - Gəncə, Göygöl, Şəki, Qəbələ, Quba, Şabran, Cəlilabad və Biləsuvarda da həmin layihə uğurla həyata keçirilib. Bu günlərdə respublikanın Qərb bölgəsinə səfəri zamanı Müvəkkil Uşaq hüquqları üzrə pilləli tədris layihəsində iştirak etmiş Gəncə və Göygöl məktəblərində olub. Gəncə şəhər 39 nömrəli və Göygöl şəhər 4 nömrəli orta ümumtəhsil məktəblərində həmin tədris proqramının müvəffəqiyyətlə başa çatması təntənəli qeyd edilib, proqramı uğurla başa vuran şagirdlər, həmçinin fərqlənmiş müəllimlər sertifikatlarla təltif olunub.

Ombudsman Gəncə şəhərində görkəmli ictimai xadim və yazıçı Mir Cəlal Paşayevin adını daşıyan 39 nömrəli məktəbdə olarkən bu dahi şəxsiyyətin büstü önünə tər çiçəklər qoyub, habelə onun və tanınmış alim Aida xanım İmanquliyevanın bu məktəbdə yaradılmış muzey otaqları ilə tanış olub, onlar barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə