Bu il 73 doktorluq və 562 fəlsəfə doktoru dissertasiyası üzrə attestasiya işindən imtina olunub

Bu il 73 doktorluq və 562 fəlsəfə doktoru dissertasiyası üzrə attestasiya işindən imtina olunub

Cari ilin may ayına qədər olan dövr ərzində Ali Attestasiya Komissiyası tərəfindən 1265 iddiaçıya elmlər doktoru elmi dərəcəsi, 7286 iddiaçıya fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi, 1064 iddiaçıya professor, 3984 iddiaçıya isə dosent elmi adı verilib. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, akademik Arif Mehdiyev \"Azərbaycan\" qəzetinə müsahibəsində deyib. O bildirib ki, AAK-ın uyğun əsasnamələrinin tələbləri kobud şəkildə pozulduğuna görə, həmin dövr ərzində komissiya tərəfindən 73 doktorluq və 562 fəlsəfə doktoru (namizədlik) dissertasiyası üzrə attestasiya işindən, 151 professor və 709 dosent elmi adları almaq üçün təqdim edilmiş attestasiya işindən imtina olunub.

Bəzən əsassız olaraq qərəzli mətbuat orqanlarında respublikada elmi dərəcə və elmi ad alanların sayının son dərəcə artması və elmin "ucuzlaşması" qeyd olunur. Lakin statistik təhlillər və digər ölkələrdəki uyğun rəqəmlərlə müqayisələr faktlara və rəqəmlərə söykənməyən bu əsassız fikirləri tam təkzib edir. Məsələn, 2005-2009-cu illəri əhatə edən dövr üzrə əhalinin hər milyon nəfərinə düşən elmlər doktoru elmi dərəcəsi almış iddiaçıların illik orta sayı Azərbaycan Respublikasında 10,5, fəlsəfə doktoru elmi dərəcəsi almış iddiaçıların illik orta sayı isə 56,5 olduğu halda, Rusiya Federasiyasında müvafiq dövr üçün uyğun rəqəmlər 24,7 (elmlər doktoru), 194,2 (elmlər namizədi) olub.

Dissertasiya şuraları elmi və elmi-pedaqoji kadrların attestasiyası sisteminin əsasını təşkil edir. İddiaçılar üçün müdafiə prosesini asanlaşdırmaq məqsədilə ölkədə AMEA-nın institutlarının, nüfuzlu dövlət universitetlərinin və sahə elmi-tədqiqat institutlarının nəzdində 57 dissertasiya şurası yaradılıb. Hər bir dissertasiya şurasında dördə qədər ixtisas üzrə müdafiə keçirmək olar. Demək olar ki, ixtisas nomenklaturasındakı ixtisasların 90 faizi bu şuralarda təmsil olunub. Bu da o deməkdir ki, iddiaçıların əksərhissəsi dissertasiya işlərini AAK-a yox, bilavasitə dissertasiya şuralarına təqdim edirlər. Bəzi ixtisaslar üzrə respublikada elmlər doktorlarının sayı az olduğuna görə həmin ixtisaslar üzrə daimi dissertasiya şuraları yaradıla bilmir. Bu halda AAK-ın əmri ilə müvəqqəti birdəfəlik dissertasiya şuraları təşkil edilir, yaxud birdəfəlik müdafiələr keçirilir. Bəzi hallarda xarici ölkə alimləri də həmin şuralara üzv kimi dəvət olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə