ADU-da xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib - FOTO

ADU-da xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib - FOTO

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyevanın təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev ilə görüş keçirilib.

ADU-dan SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyeva Çingiz Abdullayevin dünən Fransada kitabının təqdimatının keçirildiyini və bunun bizim üçün fəxr olduğunu vurğulayıb. F.Səfiyeva universitetdə ədəbiyyatın nüfuzlu nümayəndələri ilə görüşlərin istər müəllimlər, istərsə də tələbələr üçün vacib olduğunu deyib. Kafedra müdiri bildirib ki, ADU-da ədəbiyyatla bağlı bir çox tədbirlər, respublika səviyyəli konfranslar keçirilib və o, bu tədbirlərin keçirilməsinə görə Dillər Universitetinin rektoru, professor Səməd Seyidova öz dərin minnətdarlığını ifadə edib.

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov xalq yazıçısı Çingiz Abdullayevin dünyanın bir sıra tanınmış yazıçıları ilə eyni sırada dayandığını, tanınmış klassiklərdən biri olduğunu və bunun bizim üçün sevindirici hal olduğunu qeyd edib. Onun əsərlərinin bir çox dillərə tərcümə olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Xalq yazıçısının növbəti dəfə ADU-da olmasının hər kəs üçün önəmli olduğunu deyib. Rektor bildirib ki, "Çingiz Abdullayev bizim ən gözəl, ən yaxşı və ən tanınmış yazıçılardan biridir. Ona görə, bizim üçün fəxrdir ki, Çingiz Abdullayev bizim Universitetimizə yenidən qonaq gəlib".

Tədbirdə çıxış edən xalq yazıçısı Çingiz Abdullayev tələbələrlə görüşündən məmnun olduğunu bildirib. O, Azərbaycanın xalq yazıçısı olduğundan fəxr hissi keçirdiyini bildirib. Çingiz Abdullayev müxtəlif dillərdə nəşr olunmuş kitablarından danışıb. Çingiz Abdullayev kitabı Alban dilinə tərcümə olunan yeganə Azərbaycan yazıçısı olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Dünyanı dərk etmək üçün kitab oxumağın vacibliyindən danışan xalq yazıçısı dil öyrənməyin əhəmiyyətindən söz açıb. Dil bilməməyin böyük nöqsan olduğunu deyən yazıçı iki və daha artıq dil öyrənməklə insanın daha da inkişaf etdiyini vurğulayıb.

Görüşdə Çingiz Abdullayevin həyat və yaradıcılığını əks etdirən slayd da nümayiş olunub. Tələbələr ədibin əsərindən birinin qısa təhlilini ediblər. Tədbirin sonunda Çingiz Abdullayev tələbələrin çoxsaylı suallarını da cavablandırıb.

Qeyd edək ki, xalq yazıçısı Çingiz Abdullayev Universitetə müxtəlif dillərə tərcümə olunmuş kitablarını hədiyyə edib.



Bütün xəbərlər Facebook səhifəmizdə