Azərbaycan Dillər Universitetində (ADU) İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrası müəllimlərinin hazırladığı "English-Azerbaijani Dictionary for All" adlı lüğətin təqdimat mərasimi keçirilib. Kitabın baş redaktoru ADU-nun İngilis dilinin leksikologiyası kafedrasının dosenti Vahid Ərəbov, redaktoru isə ADU-nun İngilis dili və ölkəşünaslıq kafedrasının baş müəllimi Lətifə Süleymanovadır. SİA-nın məlumatına görə, kitab Azərbaycanda ilk dəfə olaraq nəşr edilən 150.000 sözü əhatə edən ingiliscə-azərbaycanca olan lüğətdir. Lüğətdə elm və texnikanın inkişafı ilə əlaqədar yaranan yeni sözlər və söz birləşmələri öz əksini tapıb. Kitab müstəqil şəkildə dil öyrənənlər, bütün təhsil müəsisələrində təhsil alanlar və ingilis dilini tədris edənlər, həmçinin tərcüməçilər, diplomatik kursların nümayəndələri üçün nəzərdə tutulub.
Tədbirdə ADU-nun rektoru, professor Səməd Seyidov və 10-a yaxın ali təhsil ocağının nümayəndələri iştirak edib. Açılış sözü ilə çıxış edən millət vəkili Səməd Seyidov bildirib ki, bu gün ADU-nun yüksək səviyyədə inkişafına hər kəs şahiddir. "Davamlı olaraq universitetimiz bu kimi kitabların nəşrini həyata keçirir və təhsil alan tələbələrin daha geniş biliyə malik olması üçün çalışır. Bu kitabın da hazırlanması təhsilimizin inkişafında yeni bir yol açır. "-deyə o əlavə edib.
Daha sonra tədbir iştirakçıları kitab haqqında müzakirə aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB