Dəqiq elmlər üzrə dissertasiyalar niyə azdır? - ARAŞDIRMA

Dəqiq elmlər üzrə dissertasiyalar niyə azdır? - ARAŞDIRMA

Bu gün alimlik dərəcəsi almaq istəyən bəzi insanlar elmi işlərini müdafiə edərkən bir sıra çətinliklərlə üzləşir və ya müəyyən problemlər yaşanır. Bəllidir ki, bu gün maddi durumu yüksək olan və əksinə, elmdən xəbəri olmayanlar dissertasiya yazdırıb alim olmaq eşqinə düşürlər. Amma bu günin acı gerçəkliyi budur ki, ölkənin elm və ali təhsil müəssisələrində başqalarına dissertasiya yazmaq kimi qeyri-leqal xidmət növü də formalaşıb. Bəs görəsən bunların qarşısını almaq üçün hansı işlər görülməlidir və bu sahədəki mövcud vəziyyəti necə dəyişmək olar?

İlk öncə xatırladaq ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının tərkibi 160 üzvdən ibarətdir ki, bunun da 55 həqiqi, 105-i isə müxbir üzvdür. Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrində, idarə və təş­kilatla­rında çalışan əməkdaşların ümumi sayı 9742 nəfərdir. Elmi işçilərin sayı 4709 nəfər, o cümlədən 539 nəfəri elmlər doktoru, 2079 nəfəri isə fəlsəfə doktorudur­. 2011-ci ildə doktoranturaya 275 nəfər (165 əyani və 110 qiyabi) doktorant qəbul olunub. Hazırda doktorantların ümumi sayı 315 nəfərdir ki, bunun da 175-i əyani, 140 isə qiyabidir. Əyani doktoranturaya 9 nəfər xarici vətəndaş qəbul olunub. 2011-ci ildə AMEA-ya elmlər doktoru hazırlığı üzrə 14-ü əyani, 29-u qiyabi olmaqla ümumilikdə 43 nəfər doktorant qəbul olunub Azərbaycan Milli Elmlər Akademiyasında elmlər doktoru üzrə 16, fəlsəfə doktoru üzrə 19 Dissertasiya Şurası fəaliyyət göstərir.

Təbii ki, alimlərin elmi işlərinin müzakirəsi və müdafiəsi Ali Attestasiya Komitəsi tərəfindən həyata keçirilir. AAK-nın sədri Arif Mehdiyev bildirib ki, lakin AAK tərəfindən aparılan araşdırmalar, aşkar olunmuş faktlar və təhlillər nəticəsində müəyyən olunub ki, müdafiə üçün təqdim olunmuş dissertasiya işlərinin bəziləri MDB ölkələrinin, xüsusilə Rusiya Federasiyası alimlərinin dissertasiya işlərindən, əsərlərindən, müxtəlif internet materiallarından eynilə tərcümə olunaraq və ya tərcümə edilmədən birbaşa köçürülərək dissertasiya şuralarına müdafiə üçün təqdim olunur. Narahatlıq doğuran hal odur ki, elmə gəlmək istəyən belə təsadüfi şəxslər üçün doktorant və dissertant olduqları elmi müəssisələrdə və ali təhsil müəssisələrində çalışan, "elmin keşiyində duran" bəzi alimlər məqsədli surətdə və bilərəkdən əlverişli şərait yaradırlar. Qeyd etmək lazımdır ki, belə yararsız dissertasiya işlərinin bu vəziyyətə gəlib çatmasında elmi rəhbərlər və elmi məsləhətçilər böyük məsuliyyət daşıyırlar. Digər tərəfdən, iddiaçıların təhkim olunduğu ali təhsil müəssisələrində və elmi müəssisələrdə, o cümlədən uyğun şöbə, kafedra və laboratoriyalarda dissertasiya işlərinin ilkin müzakirəsi zamanı lazımi səviyyədə prinsipiallıq və tələbkarlıq götərilmir, dərindən araşdırmalar aparılmır, səviyyəsiz və keyfiyyətsiz dissertasiya işlərinin vaxtında qarşısı alınmır. Burada dissertasiyaların ilkin müzakirəsinin keçirilməsi üçün yazılı rəy təqdim edən mütəxəssis alimlərin, dissertasiyaya dair elmi məqalə və tezisləri dərc edən jurnal və məcmuələrin redaksiya heyətlərinin və uyğun rəyçilərin üzərinə böyük məsuliyyət düşür. AAK rəyasət heyətinin iclasında geniş müzakirə aparılıb və AAK-ın rəyasət heyəti ciddi narahatlıq doğuran bu cür neqativ halların qarşısını almaq məqsədilə müvafiq qərarlar qəbul edib.

Dissertasiya Şurasına daxil olan dissertasiya işlərinin ilkin ekspertizası zamanı aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, müdafiə üçün təqdim olunmuş dissertasiya işlərinin çox hissəsi MDB-yə daxil olan ölkələrin, xüsusilə Rusiya Federasiyası alimlərinin dissertasiya işlərindən və əsərlərindən eynilə tərcümə olunaraq köçürülüb və ya iddiaçı tərəfindən rus dilində hazırlanmış dissertasiya işləri isə Rusiyada müdafiə olunmuş dissertasiyalardan birbaşa köçürülərək hazırlanır və Şuraya müdafiə üçün təqdim olunur. Hətta bir çox hallarda mövzu ilə bağlı təqdim olunmuş plan, fəsillər və paraqraflar, o cümlədən dissertasiya işlərinin məzmunları eynilik təşkil edir. Belə dissertasiya işlərində fərqli cəhət təkcə ondan ibarətdir ki, iddiaçılar rus dilindən rus dilinə köçürdükləri və ya Azərbaycan dilinə tərcümə yolu ilə təqdim etdikləri dissertasiya işlərinə yalnız bəzi əlavələr edərək Rusiya Federasiyasının normativ-hüquqi aktlarının yerinə ancaq Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının adlarını daxil etməklə Azərbaycan elmi qarşısında iddiaçı kimi öz vəzifələrini yerinə yetirmiş hesab edərək dissertasiya işini başa çatdırmış sayırlar.

Bu gün ölkədə aparılan təhlillər göstərir ki, dəqiq elmlər, təbiət, texnika, kənd təsərrüfatı və yer elmləri sahəsində dissertasiya müdafiə edənlərin sayı digər elm sahələrindəki uyğun saydan azdır. Halbuki ölkənin iqtisadi inkişafı üçün bu sahələrdə yüksək ixtisaslı elmi kadrlara daha çox ehtiyac duyulur. Ölkədə kifayət qədər humanitar sahələrə meyl edən bu sahələr üzrə fəlsəfə və elmlər doktoru adını qazanan insanlar var. Bu isə, öz növbəsində, müvafiq elmi müəssisələr və ali təhsil müəssisələri qarşısında, eyni zamanda AAK qarşısında mühüm vəzifələr qoyur.

Bu məsələni yaxın gələcəkdə ölkənin tanınmış alimləri və professorları ilə davam etdirəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə