Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahanlar başlayır

Rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahanlar başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 13-də rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində imtahan keçirəcək. TQDK-dan SİA-ya verilən xəbərə görə, abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni mayın 8-dan etibarən TQDK-nın internet saytına daxil olaraq çap edə bilirlər.

Abituriyentlər imtahana gələrkən mütləq imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini, 16 yaşı 2012-ci il aprelin 30-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı özü ilə gətirməlidirlər. İmtahanda iştirakı nəzərdə tutulan 9443 abituriyentdən 4038 nəfəri oğlan, 5405 nəfəri qızdır. 6788 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2655 nəfər isə əvvəlki illərin məzunlarıdır. Bakı şəhərində 6492 , Naxçıvanda 34 , Gəncədə 1411, Sumqayıtda 565, Şəkidə 316, Lənkəranda 208, Qubada 417 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.

İmtahan Bakı şəhərində 11, Naxçıvanda 1, Gəncədə 3, Sumqayıtda 1, Şəkidə 1, Lənkəranda 1, Qubada 2 binada keçirilir. İmtahanın idarə olunması üçün 66 imtahan rəhbəri, 713 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahan bütün şəhərlərdə eyni vaxtda- saat 14:00-da başlanır. Mayın 13-də keçiriləcək "Azərbaycan dili" fənni üzrə imtahanda "Elektron ərizə"lərini 4 may 2012-ci il saat 17:00-a kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər. "Elektron ərizə"lərini SQK-da 4 may tarixindən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri "Azərbaycan dili" fənni üzrə iyunun 24-da keçiriləcək növbəti imtahanda iştirak edəcəklər. İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar

Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Mayın 4-də keçirilən imtahanda "qeyri-məqbul" qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 24-da keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə