ADU-da İspan dili mərkəzi açıldı - FOTO

ADU-da İspan dili mərkəzi açıldı - FOTO

Azərbaycan Dillər Universitetində İspan dili mərkəzinin açılış mərasimi keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, əvvəlcə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun və İspaniya Krallığının Türkiyə Respublikasındakı, eləcə də Azərbaycana akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristobal Qonsales -Aller Xuradonun iştirakı ilə açılış rəmzini bildirən qırmızı lent kəsilib.

Açılış mərasimində çıxış edən ADU-nun rektoru S. Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında tarixi bir gün yaşandığını bildirib. Cənubi Qafqaz regionunda ən böyük Amerika mərkəzinin ADU-da fəaliyyət göstərdiyini deyən S.Seyidov təhsil müəssisəsində 15-ə yaxın əcnəbi dilin tədris olunduğunu, eləcə də mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib.

Bir müddət öncə ADU-da Göte İnstitutunun filialının fəaliyyətə başlamasından danışan rektor təhsil müəssisəsində ispan dili mütəxəssislərin, həmçinin İspaniyadan gələn müəllimlərin çalışdığını vurğulayıb. O, ispan dilinin dünyada aparıcı dillərdən biri olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. S.Seyidov həmçinin dünyada ispan dilinin yüksək səviyyədə tədris olunduğunu qeyd edib. ADU rektoru ispan dilinin Azərbaycanda öyrənilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Latın Amerikası ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinin fəaliyyətə başladığını vurğulayan S.Seyidov ADU-da İspan dili mərkəzinin açılmasını ispandilli ölkələrin mədəniyyət səfirliyi kimi xarakterizə edib: "Dillər Universitetində biz İspaniyanın, ispandilli ölkələrin mədəniyyət səfirliyini açırıq. Bu tarixi bir hadisədir".

Rektor mərkəzin ispan dilinin, mədəniyyətinin öyrənilməsində tələbələrə, eləcə də bütün maraqlı şəxslərə yararlı olacağına əminliyini ifadə edib: "Universitetimizdə bunun üçün bütün lazımi şərait mövcuddur, mərkəzdə lazımi avadanlıqlar, kitabların və yüksək səviyyəli mütəxəssislərin olması ispan dilini öyrənənlər üçün gözəl fürsətdir ".

O, mərkəzin İspaniya mədəniyyətinin Azərbaycanda, Azərbaycan mədəniyyətini İspaniyada təbliği istiqamətində vacib rol oynayacağını deyib.

S.Seyidov çıxışında ispandilli ölkələrlə mövcud olan münasibətlərə də toxunub.O, İspaniya, Kuba və Meksika ilə olan əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. ADU-nun rektoru şəxsi kitabxanasından İspan dili mərkəzinə kitablar hədiyyə edib.

Öz növbəsində çıxış edən İspaniya Krallığının Türkiyə Respublikasındakı, eləcə də Azərbaycana akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristodbal Qonsales -Aller Xurado dost münasibətinə və mərkəzin fəaliyyəti üçün yaradılan şəraitə görə ADU-nun rektoruna öz təşəkkürünü bildirib. Mərkəzin açılmasında əməyi olan şəxslərə minnətdarlığını ifadə edən Kristobal Qonsales -Aller Xurado mərkəzin ispan dilinin tədrisində və təbliğində mühüm rola malik olduğunu qeyd edib: "Ölkələrimiz arasında olan mədəni, eləcə də digər əlaqələrin bundan sonra da artan tempdə inkişaf edəcəyinə ümidvaram. Mərkəzin gələcək inkişafı üçün öz dəstəyimi əsirgəməyəcəyəm". Diplomat mərkəzin açılması üçün İspaniya Xarici İşlər Nazirliyinin və Xarici Əməkdaşlıq Agentliyinin xüsusi dəstəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir iqamətgahı Azərbaycanda olmaqla İspaniya diplomatik nümayəndəliyinin açılması ilə bağlı lazımi tədbirlər həyata keçirildiyini və yaxın gələcəkdə bunun reallaşacağına əminliyini ifadə edib: "Mən artıq dördüncü dəfədir Azərbaycana gəlirəm. Özümü evimdəki kimi hiss edirəm. Ümidvaram ki, növbəti dəfə iqamətgahı Azərbaycanda olan İspaniya səfiri kimi sizlərlə görüşəcəm".

İspan dili kafedrasının müəllimi, İspaniya vətəndaşı Anxel Konde Munyoz isə çıxışında pedaqoq fəaliyyətinə toxunub. ADU-da peşəkar ispan dili mütəxəssislərinin olduğunu deyən A.K.Munyoz belə bir kollektivdə çalışmaqdan məmnun olduğunu bildirib. İspaniyalı pedaqoq mərkəzin açılmasının ispan dilinə və mədəniyyətinə verilən bir töhfə kimi qiymətləndirib. Mərkəzin əlaqələr sahəsində ilk addım olduğunu bildirən A.K.Munyoz bundan sonra da ölkələrimiz arasında olan münasibətlərin daha da genişlənməsi istiqamətində fəaliyyət göstərəcəklərini deyib. O, yaradılan şəraitə görə, universitet rəhbərliyinə və tələbə-müəllim heyətinə öz təşəkkürünü bildirib.


İspan dili mərkəzinin təmsilçisi, II kurs magistri Günel Hacıyeva "İspan dili günləri" haqqında tədbir iştirakçılarına məlumat verib. G.Hacıyeva bu günlərin Türkiyə, Azərbaycan və Gürcüstanda keçirildiyini qeyd edib.

İspan dili kafedrasının müəllimi, DELE imtahanlarının Azərbaycandakı təmsilçisi Elvira İmanova İspaniyanın Servantes İnstitutunda keçirilən DELE imtahanları və əhəmiyyəti barədə məlumat verib. Sözügedən təhsil ocağının ADU müəllimləri üçün imtahanların həyata keçirilməsi üçün lazımi şərait yaratdığını diqqətə çatdırıb. O, DELE imtahanlarının Azərbaycanda Servantes İnstitunun sertifikatını qazanmış ADU müəllimləri tərəfindən qəbul ediləcəyini də qeyd edib.

"Azərbaycan-Latın Amerika Gəncləri" ictimai birliyinin sədri, ADU-nun Tərcümə fakültəsinin IV kurs tələbəsi Mahir Qurbanov rəhbəri olduğu təşkilat, onun fəaliyyət istiqamətləri və həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. O, əsas məqsədlərinin Azərbaycan və ispandilli ölkələrin gəncləri arasında qarşılıqlı mübadilələrin həyata keçirilməsi, mədəniyyətlərin təbliği olduğunu deyib.

İspan dili kafedrasının müdiri Aybənisə Əliyeva Azərbaycanda ispan dilinin tədrisinin 20 ilinin tamam olduğunu bildirib. A.Əliyeva bununla bağlı tədbirlər həyata keçiriləcəyini də sözlərinə əlavə edib.

Sonda tədbir iştirakçıları İspan dili mərkəzində yaraılmış şəraitlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə