ADU-da “Dil tədrisində innovativ metodikaların tətbiqi” mövzusunda konfrans keçirilib - FOTO
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Dillər Universitetinin, "Microsoft Azərbaycan" şirkətinin və "Mədəd Azərbaycan" təşkilatının təşkilatçılığı ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində "Dil tədrisində innovativ metodikaların tətbiqi" mövzusunda konfrans keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, konfransın məqsədi dünya təcrübəsinə əsaslanaraq xarici dil tədrisində innovativ metodikaların tətbiqi proseslərini müzakirə etmək və Azərbaycanda bu istiqamətdə mövcud praktikanı təhsil sektorunun müzakirəsinə verməkdir. Konfransda ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov "Azərbaycan Dillər Universitetində yeni metodalogiyaların tətbiqi: təcrübə və perspektivlər" mövzusunda çıxış edib. Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirildiyini deyən ADU-nun rektoru dövlət qurumuna dəstəyə görə, öz minnətdarlığını bildirib. Ali və orta məktəblər arasında əlaqələrə toxunan S. Seyidov təhsil müəssisələri arasında qarşılıqlı münasibətlərin səviyyəsinin ürəkaçan olmadığını qeyd edib. ADU-nun rektoru tələbə-müəllim arasında normal münasibətlərin qurulmasınını vacvibliyini vurğulayıb. Dünya təhsil sistemində mövcud olan münasibətlərin yeni tədris metodları yaratdığını qeyd edən S. Seyidov təhsildə informasiya texnologiyalarının tətbiqinin zəruri olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bu sahədə müəllim və tələbələrin İKT-dən istifadə bacarıqlarının artırılmasının vacibliyini önə çəkib. ADU-da fəaliyyət göstərən İnformasiya Resurs Kompleksinin (İRK) fəaliyyətindən söz açan rektor mərkəzdə yeni menecment və idarəetmə sisteminin tətbiq olunduğunu deyib. Şəxsiyyətin formalaşması prosesində orta və ali məktəblərin əlaqəli şəkildə fəaliyyət göstərdiyin deyən S. Seyidov bu sahədə İKT-nın rolunun danılmaz olduğunu qeyd etdi: "Müasir texnologiyaların öyrənilmədən şəxsiyyətin formalaşması prosesindən söhbət gedə bilməz. Maddi-texniki bazanın möhkəmləndirilməsi əsas amil deyil. Əsas olan odur ki, həmin texnologiyalardan tədris prosesində geniş istifadə olunsun. Şağird və tələbələr müasir texnologiyalardan istifadə bacarıqlarına yiyələnsinlər".
S. Seyidov çıxışında ADU-da distant təhsillə bağlı Böyük Britaniyanın Esseks Universiteti ilə birgə əməkdaşlıq nəticəsində tədbirlər həyata keçirildiyini də sözlərinə əlavə etdi.
"Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramında Ali Pedaqoji Təhsil" mövzusunda məruzə ilə çıxış edən Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bu sahədə həyata keçirilən dövlət proqramının əhəmiyyətindən danışdı. 2008-ci ildə qəbul edilən dövlət proqramında həyata keçirilən əsas istiqamətlərə toxunan S. Məmmədov indiyədək 200-ə yaxın təlimçi hazırladıqlarını bildirib. O, "Təhsildə İKT-nın tətbiqi" ilə bağlı 2000-ə yaxın ali məktəb müəlliminə təlimlər keçirildiyini qeyd edib. Dövlət proqramında nəzərdə tutulan məsələlərin 2012-ci ilin sonuna kimi maksimum dərəcədə həyata keçiriləcəyini vurğulaıb. S. Məmmədov proqram çərçivəsində bir sıra layihələrin, o cümlədən müəllim, tələbə və şagirdlər üçün "Xalq kompyuteri" layihələrinin reallaşdığını iştirakçıların nəzərinə çatdırıb. Proqramda video texnologiyaların geniş tətbiqinə yer ayrıldığına diqqət çəkən Təhsil nazirliyinin idarə rəisi gələcəkdə təhsil sahəsində fəaliyyət göstərəcək Onlayn TV-nin yaradılmasının da məqsədləri sırasında olduğunu söyləyib. S. Məmmədov növbəti proqramla bağlı hökumətə təkliflər verildiyini deyib. O, ADU-nun təhsildə İKT-nin tətbiqində aparıcı universitet olduğunu vurğulayıb: "Növbəti proqramda ADU-nun xüsusi bir mərkəz kimi seçilməyi təklif edilir. Universitetin metodiki bazası, beynəlxal əlaqələri, İKT-dən geniş istifadə imkanları buna əsas verir".
"Microsoft Azərbaycan" şirkətinin baş direktoru Rüfət Hacıbəyli isə "Microsoftun təhsil layihələri" mövzusunda çıxış edib. R. Hacıbəyli təhsil sahəsində həyata keçirdikləri layihələrdən danışıb.
Avropa Təhsildə Əməkdaşlıq Forumunun qaliblərindən olan ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Gülbəniz Camalova və Bakı şəhər 55 saylı orta məktəbin müəllimi Nailə Həsənova "Fransız dilinin tədrisində layihə metodundan istifadə" dən bəhs ediblər. Pedaqoqlar qalibi olduqları layihənin detalları barədə konfrans iştirakçılarına məlumat verdilər. Qeyd edək bu pedaqoqların Avropa Təhsildə Əməkdaşlıq Forumunda birgə təqdim etdikləri \"Gəlin planetimizi birlikdə qoruyaq\" tədris layihəsi "Sinifdənkənar tədris" (Extending Learning beyond the Classroom) nominasiyası üzrə II yerə layiq görülüb. Qaliblər bu ilin noyabr ayında Yunanıstanın paytaxtı Afinada keçiriləcək dünya müsabiqəsində də iştirak edəcəklər.
"Mədəd Azərbaycan" təşkilatının direktoru Vüsal Xanlarov isə "Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin artırılması layihələri"ndən söz açıb. V. Xanlarov rəhbərlik etdiyi təşkilatın əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barəsində geniş məlumat verib.
Konfrans qruplarda "İnnovativ pedaqoji və informasiya texnologiyaların dil tədrisində tətbiqi" və "XXI əsr bacarıqların tədris praktikasının ali pedaqoji təhsildə tətbiqi" mövzularında aparılacaq müzakirələrlə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB