ADU-da “Dil tədrisində innovativ metodikaların tətbiqi” mövzusunda konfrans keçiriləcək

ADU-da “Dil tədrisində innovativ metodikaların tətbiqi” mövzusunda konfrans keçiriləcək

Sabah Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Dillər Universitetinin və "Microsoft Azərbaycan" və "Mədəd Azərbaycan" şirkətlərinin təşkilatçılığı ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində "Dil tədrisində innovativ metodikaların tətbiqi" mövzusunda konfrans keçiriləcək. ADU-dan SİA-ya verilən məlumata əsasən, konfransın məqsədi dünya təcrübəsinə əsaslanaraq xarici dil tədrisində innovativ metodikaların tətbiqi proseslərini müzakirə etmək və Azərbaycanda bu istiqamətdə mövcud praktikanı təhsil sektorunun müzakirəsinə verməkdir. Konfransda ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun "Azərbaycan Dillər Universitetində yeni metodologiyaların tətbiqi: təcrübə və perspektivlər", Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov "Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramında Ali Pedaqoji Təhsil", "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Rüfət Hacıbəylinin isə "Microsoftun təhsil layihələri" mövzusunda çıxışları nəzərdə tutulur. Konfrans çərçivəsində müzakirələr müasir pedaqoji ve informasiya texnologiyalarinin dil tədrisində tətbiqi və XXI əsr bacarıqlarının ali pedaqoji təhsildə tətbiqi mövzularında keçiriləcək. Müzakirələr zamanı xarici dil tədrisində layihə metodikasının daha geniş istifadəsi, xarici dil tədrisində informasiya texnologiyalarının daha geniş istifadəsi və müəllimlər arasında təcrübə mübadiləsi uçun mühit yaradılmasına xüsusi toxunulacaq.

"Müasir pedaqoji və informasiya texnologiyalarinin dil tədrisində tətbiqi" mövzusunda müzakirələr zamanı Avropa Təhsildə Əməkdaşlıq Forumunun qaliblərindən olan ADU-nun dosenti Gülbəniz Camalova və Bakı şəhər 55 saylı orta məktəbin müəllimi Nailə Həsənovanın birgə əməkdaşlığına xüsusi diqqət ayrılacaq. Hər iki pedaqoq "Fransız dilinin tədrisində layihə metodundan istifadə" dən, "Mədəd Azərbaycan" təşkilatının direktoru Vüsal Xanlarov isə "Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin artırılması layihələri"ndən bəhs edəcəklər.

Qeyd edək bu pedaqoqların Avropa Təhsildə Əməkdaşlıq Forumunda birgə təqdim etdikləri \"Gəlin planetimizi birlikdə qoruyaq\" tədris layihəsi "Sinifdənkənar tədris" (Extending Learning beyond the Classroom) nominasiyası üzrə III yerə layiq görülüb.

Konfrans qruplarda "İnnovativ pedaqoji və informasiya texnologiyaların dil tədrisində tətbiqi" və "XXI əsr bacarıqların tədris praktikasının ali pedaqoji təhsildə tətbiqi" mövzularında aparılacaq müzakirələrlə yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə