ADU-da “Salam Polşa” adlı fotosərgi keçirildi

ADU-da “Salam Polşa” adlı fotosərgi keçirildi

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) "Salam Polşa" adlı fotosərgi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda, səfirliyin nümayəndələri və universitetin tələbə-müəllim heyəti iştirak edib. Tədbirdə Polşada 3 mayın Konstitusiya günü kimi qeyd olunduğu və sərginin də bu məqsədlə keçirildiyi haqqında iştirakçılara məlumat verilib.

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov çıxış edərək rəhbərlik etdiyi universitetdə gözəl bir bayramın qeyd edildiyini bildirib. Azərbaycan və Polşa arasında münasibətlərin 20 ilə yaxındır mövcud olduğuna toxunan S.Seyidov Polşanın Avropa Birliyinin aparıcı ölkələrindən biri olduğunu qeyd edib. Rektor Polşanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu sözlərinə əlavə edib.

Polşanın Azərbaycandakı səfiri Mikal Labenda çıxış edərək ölkəsinin bayramını ADU-nun tələbə-müəllim heyəti ilə birgə qeyd etməkdən məmnunluğunu ifadə edib. ADU-da polyak dilinin tədris olunmasına toxunan M. Labenda universitetlə gələcək əməkdaşlıq perspektivlərinin olduğunu deyib.

Səfir polyak dilini yaxşı mənimsəyən tələbələrin Polşaya getmək imkanı qazanacaqlarını vurğulayıb. Sonra sərgiyə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə